aqrar subsidiya

Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaləvəzetmə siyasəti son illərdə iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Maliyyə Nazirliyinin buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə istehsal potensialının artırılması ilə bağlı açıqlamaları göstərir ki, aqrar sektor artıq yalnız Kənd Təsərrüfatı Nazirliyinin deyil, ölkənin ümumi maliyyə-iqtisadi strategiyasının mühüm hissəsidir.

Lakin burada əsas sual budur: mövcud subsidiya sistemi real istehsal artımına səbəb olurmu, yoxsa sadəcə dövlət xərclərinin artması ilə nəticələnir?

Azərbaycanın aqrar subsidiya sistemi uzun müddət əsasən “giriş” göstəricilərinə — əkin sahəsinə, texnika və heyvan sayına — əsaslanıb. Məntiq belə olub ki, nə qədər çox sahə əkilir və resurs cəlb edilirsə, istehsal da bir o qədər artmalıdır. Lakin bu əlaqə həmişə özünü doğrultmur. Əkin sahəsinə görə subsidiya fermeri sahəni genişləndirməyə həvəsləndirə bilər, amma məhsuldarlığı, keyfiyyəti və məhsulun rəsmi bazara çıxarılmasını avtomatik şəkildə artırmır. Nəticədə dövlət xərci ilə faktiki istehsal artımı arasında fərq yaranırdı.

Bu baxımdan subsidiya siyasətinin “nə qədər resurs istifadə edildi?” sualından “nə qədər məhsul əldə olundu?” prinsipinə keçməsi vacibdir. Məhsulun həcmi, hektardan məhsuldarlıq, keyfiyyət və məhsulun rəsmi bazara çıxarılması kimi göstəricilər daha ön plana çəkilməlidir. Bu, sadəcə texniki dəyişiklik deyil, aqrar dəstək fəlsəfəsinin dəyişdirilməsi deməkdir.

Digər mühüm problem aqrar istehsal zəncirinin bir çox halqalarının zəif olmasıdır. Kiçik fermerə yalnız kredit, texnika və ya toxum verməklə yüksək nəticə əldə etmək mümkün deyil. Maliyyə əlçatanlığı, keyfiyyətli toxum və damazlıq material, suvarma, aqrotexniki bilik, anbarlaşdırma, logistika və satış imkanları bir-biri ilə bağlıdır. Zəncirin bir halqası zəifdirsə, digərinə qoyulan investisiyanın səmərəsi də azalır. Keyfiyyətli toxumla əkilmiş sahə lazımi suvarma olmadıqda yüksək məhsuldarlıq vermir, yüksək məhsuldarlıqla əldə olunan məhsul isə anbar və satış imkanları olmadıqda itkiyə çevrilə bilər.
Ona görə də dövlət dəstəyi ayrı-ayrı istiqamətlərə verilən punktual yardım kimi deyil, bütün dəyər zəncirini əhatə edən sistem kimi qurulmalıdır. Dəstək yalnız istehsalın başlanğıcına deyil, məhsulun saxlanmasına, emalına və bazara çıxarılmasına qədər davam etməlidir.

Fermer üçün digər vacib məsələ subsidiya siyasətinin proqnozlaşdırıla bilən olmasıdır. Kənd təsərrüfatına qoyulan bir çox investisiya birillik deyil, uzunmüddətli xarakter daşıyır. Bağ, damazlıq təsərrüfatı və ya suvarma infrastrukturu üzrə investisiyanın nəticəsi bir neçə ildən sonra ortaya çıxır. Subsidiyaların şərtlərinin tez-tez dəyişməsi isə fermerin uzunmüddətli plan qurmasını çətinləşdirir. Fermer gələcəkdə dövlət dəstəyinin hansı formada olacağını bilmədikdə daha az riskli, lakin aşağı məhsuldarlıqlı fəaliyyət modelinə üstünlük verir.

Kreditlərin yüksək faizləri və girov tələbləri də bu problemi ağırlaşdırır. Fermer həm subsidiya şərtlərinin sabitliyinə, həm də maliyyə vəsaitinin əlçatanlığına əmin deyilsə, yeni texnologiyaya və məhsuldar toxuma investisiya etməkdə maraqlı olmur. Aqrar sığortanın əhatə dairəsinin məhdudluğu da innovativ addımlar qarşısında əlavə risk yaradır. İqlim və xəstəlik riskindən qorunmayan fermer üçün yeni texnologiyaya keçid daha böyük maliyyə təhlükəsi deməkdir.

aqrar

Məhsuldarlığın artırılmasında diqqətdən kənarda qalan əsas məsələlərdən biri də bilik və məsləhət xidmətləridir. Fermer hansı məhsulu hansı ərazidə, hansı texnologiya ilə yetişdirməyin daha sərfəli olduğunu bilmədikdə, ona verilən subsidiya, texnika və gübrənin də səmərəsi aşağı düşür. Yəni məsələ yalnız fermerə pul və resurs vermək deyil, həmin resurslardan düzgün istifadə etməyi təminatdır. Dövlət vəsait ayırsa da, bilik infrastrukturu maliyyə və fiziki resurslardan geri qalırsa, investisiyanın nəticəsi məhdud olur.

Kiçik təsərrüfatların pərakəndəliyi də aqrar sektorun əsas problemlərindəndir. Fərdi fermer böyük təsərrüfatlarla müqayisədə texnika, anbar, logistika və satış imkanlarında miqyas üstünlüyündən istifadə edə bilmir. Kooperativləşmə bu problemin həll yollarından biri ola bilər. Lakin kooperativlərin sadəcə formal yaradılması kifayət deyil. Onların davamlı fəaliyyəti üçün hüquqi mexanizm, düzgün idarəetmə, üzvlər arasında etimad və logistika infrastrukturu lazımdır. Dövlət burada kooperativi birbaşa idarə edən deyil, onun fəaliyyət göstərə bilməsi üçün şərait yaradan tərəf olmalıdır.

Nəticədə Azərbaycanın qarşısında iki fərqli subsidiya modeli dayanır. Birinci model resurs-yönümlüdür: nə qədər sahə əkilib, nə qədər texnika və heyvan var. Bu modelə nəzarət etmək asandır, amma dövlət vəsaitinin real iqtisadi nəticəyə çevrilməsinə zəmanət vermir. İkinci model isə nəticə-yönümlüdür: nə qədər məhsul istehsal edilib, məhsuldarlıq nə qədər artıb, məhsulun keyfiyyəti necədir və hansı hissəsi rəsmi bazara çıxıb. Bu model daha mürəkkəb monitorinq tələb edir, lakin dövlətin hər manatının real nəticə verməsinə daha çox imkan yaradır.

Azərbaycanın idxaləvəzetmə və ərzaq təhlükəsizliyi hədəflərinə çatması yalnız subsidiya məbləğinin artırılmasından asılı deyil. Əsas məsələ mövcud dəstəyin strukturunu dəyişmək, maliyyə, texnologiya, bilik, sığorta və bazara çıxışı vahid sistemdə birləşdirməkdir. Eyni zamanda subsidiya şərtlərinin sabit və proqnozlaşdırıla bilən olması vacibdir. Ən əsası isə dövlət dəstəyi nəticəyə bağlanmalıdır. Çünki aqrar sektorda əsas göstərici nə qədər vəsait xərcləndiyi deyil, həmin vəsait hesabına nə qədər əlavə və keyfiyyətli məhsul əldə edilməsidir.

Ərzaq təhlükəsizliyini təmin etmək və strateji məhsullar üzrə idxaldan asılılığı azaltmaq istəyiriksə, sadəcə daha çox subsidiya vermək kifayət etmir. Əsas hədəf subsidiya sistemini elə qurmaqdır ki, dövlətin xərclədiyi hər manat real məhsuldarlığa, keyfiyyətə və bazarda yerli məhsulun payının artmasına çevrilsin.

Akif Nəsirli
Globalinfo.az

Paylaş: