Mediada bir neçə gündür, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Azərbaycan xalq qəhrəmanları, xüsusilə də Qaçaq Nəbi, Koroğlu və digərləri ilə bağlı səsləndiryi fikrilər müzakirə mövzusu olub. Onun təqdim etdiyi faktları qəbul edib, dəstəkləyənlərlə yanaşı, bunun yalan olduğunu iddia edənlər də var.
Globalinfo.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu deyib ki, Koroğlu və bir neçə tarixi şəxsiyyətlə bağlı müxtəlif zamanlarda müxtəlif fikirlər səsləndirib:
“Sadəcə, onların yerliləri yoxdur. Qaçaq Nəbinin yerliləri var. Onlar da məni təhdid edirlər. Əlində silah çar Rusiyasına qarşı 10 ildən çox mübarizə aparan Qaçaq Kərəmi biz niyə sovet hökuməti vaxtında tanımamışıq? Nəbini tanımışıq. Dəstəsində Stalinin də vuruşduğu deyilən qazaxlı qaçaq Gülsümlə bağlı heç nə bilmirik. Sovet hökuməti bunu təbliğ etməyib, adı əbədiləşdirilməyib. Azərbaycanın qadın qəhrəmanı kimi təqdim edilməyib. Həcər xalq qəhrəmanı kimi təqdim olunub. Onun da bir qəhrəmanlığı ilə bağlı sübut yoxdur.
Qaçaq Gülsümün yüzlərlə rus əsgərini və zabitini öldürdüyü, İran və Azərbaycan ərazisində böyük səs-küyə malik olan qaçaqçılıq hərəkatına başçılıq etdiyi barədə məlumatlar var. Bu qadını Azərbaycanda heç kim tanımır. Sovet hökuməti dağılandan, müstəqillik əldə ediləndən sonra arxivlərdə onunla bağlı məlumatlar tapılıb.
Bizim tariximizdə real qəhrəmanlar olub. Onlar sovet ideologiyasına uyğun olmadığına görə tarixdən silinib, yalançı qəhrəmanlar yaradılıb. Xalqımızın tarixində müstəqilliyi uğrunda kim mübarizə aparıbsa, hətta erməni də olsa, onu əbədiləşdirməliyik. Qəhrəman kimi qəbul etməliyik. Mənim qaldırdığım məsələ budur.
Bu xalq qəhrəmanı bütün xalqındır, hansısa kiçik şəhərin, rayonun yox. Ona görə də xalq qəhrəmanı ilə bağlı bütün həqiqətləri bilməlidir. Onun niyə qəhrəman olduğu, hansı hərəkətinin nümunə götürülməli olduğu anlaşılmalıdır. Öz uşaqlarını hansı hərəkətlər kontekstində tərbiyə etməli olduğunu bilməlidir. Xalqın idealları olmalıdır”.
Sərdar Cəlaloğlunun sözlərinə görə, Koroğlunun adından təbliğ olunan bəzi atalar sözləri absurddur:
“Koroğlu deyib ki, “İgidlik ondur, doqquzu qaçmaqdır, gizlənməkdir”. Yaxşı, Qarabağ müharibəsi zamanı əsgərlərimiz həmin deyimi əsas götürsəydi, vuruşardılarmı? Xeyr! Hökumət vətəndaşların müəyyən situasiyalarda hansı davranışları nümayiş etdirməsini istəyirsə, tarixdə həmin hərəkətləri etmiş şəxsləri xalqa qəhrəman kimi təqdim etməlidir”.
S.Cəlaloğlu vurğulayıb ki, biz Şah İsmayılı, Səfəviləri özümüzünkü hesab ediriksə, gərək Koroğlunu qadağan edək:
Bizim əlimizdə olan Koroğlu dastanında o, türk sultanlarını, xanlarını qırır. Türk hakimiyyətinə qarşı mübarizə aparır. Bizdəki variant erməni variantıdır. O dildən tərcümə olunub. Tərcüməçisi Təhmasibdir.
Sərdar Cəlaloğlu
Xalq niyə bu gündədir? Çünki sağını-solunu tanıya bilmir. Dostunu, düşmənini bilmir”.
Sərdar Cəlaloğlu Koroğlunun tarixdə bir dənə belə qəhrəmanlığının olmadığını bildirib:
“Əsas qəhrəmanlıq edənlər onun ətrafındakı dəlilərdir.
Qaçaq Nəbi məsələsinə gəldikdə isə, Əli Vəliyev İsfəndiyar bəyin qohumlarına müraciət edib deyib ki, “məni bağışlayın, mənə tapşırıblar ki, bu qəhrəmanlığı bir kəndçinin adına yazmaq lazımdır”. İndi mənim üstümə niyə düşürlər? Baş verən hadisələri çatdırıram, sadəcə.
Həqiqətən ədalət axtarışındadırlarsa, mənim dediklərimin üstünə düşüb İsfəndiyar bəy məsələsini araşdırmalıdırlar. Bu insanlar qərəzlidir. Sovet hökumətinin uydurmalarına inanırlar.
Maksim Qorki də həmin əsərində Qafqazdan iki qaçağın — Qaçaq Kərəm və Qaçaq Nəbinin adını çəkir. Qara Nəbinin də Qaçaq Nəbi olmadığını deyənlər var. Qubadlılar deyirlər ki, “mənim nənəm Nəbini görüb. O kəndə gələndə gənc qızlar gizlənirdilər ki, kimisə görüb sevib aparar dağlara”. Belə qəhrəman olur?
Tarixdə belə yanlışlıqlar çoxdur”.
Safura Bənnayeva
Globalinfo.az