“Akşənər gedəcək, müxalifət çökəcək, Kılıçdaroğlu isə…” – Türk analitikdən mühüm şərh

Türkiyədə parlament seçkilərinin nəticələri bəlli olsa da, prezidentin kim olacağı mayın 28-də bilinəcək. Seçkilərin ikinci tura qalması proseslə bağlı müzakirələri daha da artırır. Seçkilərdən öncə müxalifət böyük fərqlə qalib gələcəyini iddia etsə də, səsvermənin nəticələri ittifaqdaxili və tərəfdarlar arasında ciddi mübahisələrə səbəb olub. Artıq əksəriyyət qalibin Rəcəb Tayyib Ərdoğan olacağını əminliklə söyləyir.

Bəs 28 Maydan sonra Türkiyə siyasi arenasını nə gözləyir? Kamal Kılıçdaroğlu və Meral Akşənərin aqibəti necə olacaq?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi analitik, professor Hüsaməddin İnac Türkiyədəki mövcud vəziyyəti dəyərləndirib:

“Türkiyə seçkilərində ikinci turun nəticələri aşağı-yuxarı məlumdur. Prezident Rəcəb Tayyib Ərdoğanın daha çox səs toplayaraq ciddi fərqlə qalib gələcəyi indidən görünür. Bunu bir neçə şəkildə əsaslandırmaq olar.
Birincisi, R.T.Ərdoğanın əsas rəqibi sayılan Kamal Kılıçdaroğlu ilə arasında 5 faiz, təxminən 2 milyondan çox səs fərqi var.
İkincisi, R.T.Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) daxil olduğu “Cümhur İttifaqı”nın parlamentdə çox yer qazanması da prosesdə böyük üstünlükdür. Bu üstünlük ikinci tura da təsir edəcək.

Üçüncüsü isə xüsusilə müxalifət seçkiqabağı, yəni “Millət İttifaqı” 60 faiz səslə Kamal Kılıçdaroğlunun qalib olacağını deyərək tərəfdarlarını inandırdı. Amma ilk turda bu vəd reallaşmadığı üçün müxalif cəbhənin çökməsinə şahid oluruq.
“Altılı masa” aradan qalxdı, müxalifət daxilində çox ciddi mübahisələr var. Partiyalar bir-birilərini günahlandırır. İYİ Partiyasının sədri Meral Akşənər Kamal Kılıçdaroğlunun qalib gəlməyəcəyini öncədən bildirdiyini söyləyərək CHP-ni suçlayır. Digərləri isə Meral Akşənərin masadan qalxdığı üçün insanlarda güvənsizlik yaratdığını qeyd edirlər. Bu səbəblə müxalifət səslərində ciddi azalmanın olacağını düşünürəm”.

Bir əsrdə belə zəlzələ olmamışdı” — Hüsamettin İnaç

Analitik Meral Akşənər və partiyasının yaxında tarixə qovuşacağını söyləyərək bunun səbəblərinə aydınlıq gətirib:

“Bu müddətdə “Millət İttifaqı”nın PKK, FETÖ kimi terror birləşmələri ilə əməkdaşlığı, imperialist güclərlə birlikdə hərəkət ediləcəyi, Qərbdən gələn bütün təklifləri sorğusuz qəbul edəcəklərinə dair açıqlamaları ciddi böhran yaratdı. Nəticədə Türkiyə, xüsusilə Atatürkçü, türk millətçiliyinə bağlı, ölkənin birliyini, bütövlüyünü müdafiə edən insanlar “Millət İttifaqı”na səs vermədilər. Meral xanım hər nə qədər milliyyətçi bir partiya kimi bu ittifaqda yer alsa da, fəaliyyəti inandırıcı olmadı. Çünki PKK, FETÖ, erməni və kürd separatçı hərəkatları ilə münasibətlərə məsafə qoymaması səbəbi ilə tərəfdarları arasında ona inam azaldı. İYİ Partiyası hər nə qədər özünü toplamış kimi görünsə də, sosioloji əsası olmayan, daha çox sekulyar milliyyətçilərin hakim olduğu partiya kimi görünür. Bütün bunları nəzərə alaraq Meral Akşənər və partiyasının yaxın zamanda siyasi səhnəni tərk edəcəyini demək mümkündür. Çünki Akşənər mövcudluğunu Kılıçdaroğlunun prezidentinin seçilməsinə bağlamışdı. Müxalifətdən birinci partiya kimi seçiləcəyini, özünün də parlament sistemində baş nazir olacağını iddia edirdi. Kılıçdaroğlu məğlub olacağı təqdirdə Akşənərin gözləntiləri də özünü doğrultmayacaq. Onun partiyası daxilində az da olsa, milliyyətçi bir kəsim var ki, Akşənəri istəmirlər. Nəticə etibarı ilə böyük bir davanın şahidi olacağımızı deyə bilərik”.

Professor Kılıçdaroğlunun siyasi varlığını qoruyacağını deyib:

“Kılıçdaroğlu meydandakı varlığını ciddi şəkildə qoruya bilər. Çünki məhz o bu seçkilərin ən böyük məğlubu hesab edilir. Amma sədri olduğu Cümhuriyyət Xalq Partiyasında (CHP) daxili demokratiya yoxdur. Özü ələvi olduğu üçün onunla eyni inanca sahib olanlarla bir dərəcə sistemi yaradıb. Həmin şəxslər də Kılıçdaroğluna bağlı insanlardır. Beləliklə, ikinci turda məğlub olsa da, Kamal Kılıçdaroğlunun CHP lideri kimi fəaliyyətinə davam edəcəyini düşünürəm. Hesab edirəm ki, ikinci turda 55-60 faiz səslə Rəcəb Tayyib Ərdoğan qalib gələcək”.

Ayşən Mustafa
Globalinfo.az