ABŞ və İran qüvvələri arasında şiddətli döyüş gedir – VİDEO

Bu dəqiqələrdə Suriya rejimi və İran milislərinin birlikdə ABŞ hərbi bazalarına hücumları təşkil olunur.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda “Caucasian Live” Teleqram kanalı məlumat yayıb.

Məlumatda İran milislərinin raket hücumları və Suriya rejiminin artilleriya zərbələrinə paralel olaraq dronlar vasitəsilə də hücumların həyata keçirildiyi bildirilir. Əsas döyüşlər Suriyanın Deyr əz-Zor şəhəri yaxınlığındakı “Ömər” neft yatağı ətrafında ABŞ qüvvələri və İran milisləri arasında gedir.

ABŞ nəzarətində olan “Koniko” qaz yatağına ən az 20 raket atılıb. Qətərdəki Əl-Udeyd aviabazasındakı ABŞ F-15-ləri Suriyanın şərqində Qüds qüvvələrinin mövqelərinə güclü zərbələr endirir. Eyni zamanda “Apaçi” helikopterləri də Deyr əz-Zor şəhəri istiqamətində rejim qüvvələrinə və İran milislərinə güclü zərbələr vurur. Rejim qüvvələri Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun mövqelərini də atəşə tutur.

Suriyada ABŞ qüvvələrinə qarşı ən böyük əməliyyatlardan biri icra olunduğu haqqında məlumatlar var. Fərat çayının şərqində yerləşən ABŞ ordusuna məxsus əksər hərbi bazalarə hücum təşkil edilir.

İraqdakı Eyn əl-Əsəd və digər ABŞ hərbi bazalarındakı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, iki gündür ərazidə vəziyyət gərginləşib. Ötən gün iranyönlü şiə döyüşçüləri Suriyanın Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına bir neçə raket zərbəsi endirmişdi.