İran dövlət televiziyası Tehran və Vaşinqton arasında hazırlanmaqda olan mümkün memorandumun bəzi qeyri-rəsmi müddəalarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, sənəddə əsas mövzulardan biri Hörmüz boğazında gəmiçilik qaydalarının yenidən tənzimlənməsidir.
İddia olunur ki, yeni mexanizm çərçivəsində boğazdan keçən gəmilərin statusunun müəyyənləşdirilməsində İran həlledici rol oynayacaq.
Qeyri-rəsmi mətnə əsasən, təhlükəli yük daşıdığı hesab edilən və ya son təyinatı İranla düşmən münasibətdə olan ölkələrlə əlaqəli gəmilər adi ticari gəmi kimi qəbul edilməyəcək. Belə gəmilərin müəyyən marşrutlardan istifadəsinə məhdudiyyətlər tətbiq oluna bilər.
Məlumatda həmçinin qeyd olunur ki, naviqasiya xidmətlərinin tariflərinin və hərəkət marşrutlarının müəyyənləşdirilməsi səlahiyyəti də İran tərəfinə verilə bilər. Bundan başqa, boğazdan keçən hər bir gəmi yükü, sahibi və təyinat nöqtəsi barədə məlumatları İran Hərbi Dəniz Qüvvələrinin aidiyyəti qurumlarına təqdim etməli olacaq.
Sənəddə yer aldığı iddia edilən digər mühüm bənd İranın xaricdə dondurulmuş aktivlərinin azad edilməsidir. Bildirilir ki, razılaşma qüvvəyə minərsə, ABŞ 60 gün ərzində İranın təxminən 12 milyard dollar həcmində vəsaitinə çıxışın təmin olunmasını öhdəsinə götürəcək.
Həmin vəsaitlərin İranın seçdiyi ölkələrdəki banklara köçürülməsi və istifadəsi üçün məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur.
İran dövlət televiziyası vurğulayıb ki, yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb. Memorandum layihəsinin hələ də müzakirə və razılaşdırılma mərhələsində olduğu, sənədin yekun variantının dəyişə biləcəyi qeyd olunub.
Tahir Turan
Globalinfo.az