ABŞ Dövlət Katibi Marko Rubio Türkiyənin F-35 qırıcı təyyarə proqramına yenidən qoşulması ehtimalını faktiki olaraq aradan qaldıran açıqlama verib.
Mayın 3-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı Demokratlar Partiyası təmsilçisi Dina Titus ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın Türkiyənin F-35 proqramına qayıtmalı olduğu barədə şərhlərini xatırladaraq bunun ABŞ-ın hazırkı siyasəti ilə ziddiyyət təşkil edib-etmədiyini soruşub. Rubio xatırladıb ki, Türkiyə əvvəlcə F-35 proqramında tərəfdaş idi, lakin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün oradan çıxarıldı:
“Türkiyənin ABŞ-dən F-35 qırıcı təyyarələrini ala bilməməsinin yeganə səbəbi – Rusiyadan S-400 zenit-raket kompleksləri almış olmasıdır. Hazırda bizim başqa bir seçimimiz yoxdur. Çünki bu proses həm NDAA (Milli Müdafiə Səlahiyyət Aktı) müddəaları, həm də ABŞ-ın müvafiq sanksiya qanunları tərəfindən tamamilə hüquqi statusa bağlanıb”.
Globalinfo.az-a danışan türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib ki, bu məsələ dövlətin suverenliyi, öz müqəddəratını təyinetmə, etimad, texnologiya istehsalı və ya təchizatı və strateji xüsusiyyətlərlə bağlıdır:
“Türkiyədə “Patriot” raket sistemlərinin istismarı ilə bağlı son dərəcə ciddi problemlər var idi. Onları ABŞ-dakı müttəfiqlərindən ala bilmədikdə, Çinə müraciət etdi və təchizat baxımından əslində bu müsbət mərhələyə çatmışdı. Antalyada keçirilən G-7 zirvə görüşündə lobbiçilik, təzyiq və danışıqlar nəticəsində Türkiyə bu plandan imtina etdi. Lakin ABŞ Türkiyəni hava hücumundan müdafiə raket sistemi olmadan qoydu. Bundan sonra ABŞ ilə dərin etimad böhranı fonunda Türkiyə Rusiyaya müraciət etdi və Putin fürsətdən istifadə edərək bu raketləri Türkiyəyə satdı. Əlbəttə ki, bu, qüvvələr balansında tamamilə fərqli bir vəziyyət yaratdı. Nəticədə Türkiyəyə (2020-ci ilin dekabrında Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən -red.) CAATSA (Amerika Düşmənlərinə Sanksiyalar Yolu ilə Mübarizə Aktı) çərçivəsində sanksiyalar tətbiq olundu və o, tərəfdaş olduğu F-35 proqramından çıxarıldı. Bu, etimad böhranını daha da dərinləşdirdi”.
Abdullah Ağar
Ekspertin sözlərinə görə, digər tərəfdən, heç bir hava hücumundan müdafiə raket sistemi sizə 100% zəmanət vermir:
“Ukraynanın S-400-ləri vurduğu doğrudur, amma başqa bir həqiqət də var. Ruslar da Ukraynada “Patriot”ları vurub. Digər tərəfdən, İsrailin “Dəmir Günbəz”i, daha sonra RO-3, RO-4, “Davudun Sapanı” kimi sistemləri də zaman-zaman pozulub və 100 faiz performans göstərməyib. Digər tərəfdən, kosmosdan gələn raketlərin qarşısını almaq baxımından dünyanın ən yaxşısı olduğu deyilən THAAD sistemləri belə 100 faiz qoruma təmin etmir. Bu, İran-İsrail-ABŞ müharibəsində sınaqdan keçirilib. S-400-lər hələ də dünyanın ən yaxşı hava hücumundan müdafiə raket sistemlərindən biridir. Bəli, onların vurulması S-400-lərin qoruma problemləri ilə bağlıdır. Çünki nəticə etibarilə, yeni nəsil müharibə metodlarında hava hücumundan müdafiə sistemlərində gizlilik və qorunma son dərəcə vacib bir məsələ kimi ortaya çıxıb”.
O qeyd edib ki, Türkiyə burada ABŞ-dan asılı olmaq istəmir və hava hücumundan müdafiə sistemlərini həm özü istehsal etməyə, həm də müxtəlif ölkələrdən almağa çalışır:
“Avropa Birliyi ölkələri tərəfindən istehsal edilən hava hücumundan müdafiə raket sistemlərini əldə etmək üçün səylər göstərilir. Bəli, hazırda Türkiyə NATO-ya daxildir, lakin xüsusilə hava hücumundan müdafiə, hücum aviasiyası və qırıcı təyyarələr sahələrində kifayət qədər təcrid olunmuş bir ölkədir. Bu baxımdan Türkiyə öz ehtiyaclarını müstəqil şəkildə təmin etməyə meyllidir və təbii olaraq bəzi problemlərlə üzləşir.
Digər tərəfdən, ABŞ-ın Türkiyəyə F-35-lər verməkdə praktik və sərfəlilik yanaşması olsa da, burada başqa bir problem var. CAATSA sanksiyaları Amerika hökumətinin, yəni Tramp administrasiyasının təkbaşına həll edə biləcəyi məsələ deyil. Bu, həmçinin Konqresdən keçməlidir. Bu baxımdan, məsələnin Amerikanın siyasi və hüquqi strukturunda maneə ilə üzləşməsi son dərəcə vacib faktdır”.
Ağarın fikrincə, buna görə, Türkiyə artıq F-35 məsələsinə əvvəlki kimi baxmır:
“Beləliklə, söhbət təkcə hava hücumundan müdafiə raket sistemlərindən getmir. Qırıcı təyyarələr baxımından, Türkiyə bunu həm özü istehsal etməyə çalışır, həm də Böyük Britaniyadan “Typhoon” təyyarələrinin alınması məsələsi müzakirə olunur. Digər tərəfdən, Türkiyənin öz təyyarələrini modernləşdirmək də daxil olmaqla öz donanmalarını yaratmaqla bağlı mühüm səylərini nəzərə almaq lazımdır. Hazırda F-35-lər yeganə alternativ deyil. Türkiyə üçün F-35-lərlə bağlı problem var: mənbə kodu Türkiyəyə verilməyəcək. Alış qiyməti ödənilsə belə, mənbə kodu olmayan təyyarə əslində icarəyə götürülmüş kimidir. Təyyarəni istədiyiniz kimi istifadə edə bilməzsiniz. Məsələn, ABŞ İsrailə satdığı və ya verdiyi F-35-lərin mənbə kodunu da verir, lakin Türkiyəyə bunu vermir. Hesab edirəm ki, bu, F-35-lə bağlı ən vacib problemlərdən biridir”.
Amerikalı politoloq Piter Teys isə bildirib ki, Dövlət katibi Rubio Türkiyə ilə çox gözəl diplomatik tərəfdaşlıq qurub:
Piter Teys
“Vaşinqton-Ankara strateji tərəfdaşlığı NATO-nun daha da güclənməsi və Şərqi Aralıq dənizinin dəniz keçidlərinin təhlükəsizliyi baxımdan vacibdir. Tramp-Vens administrasiyası Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti ilə ikitərəfli əlaqələri gücləndirir və bu, müxtəlif böyük dövlətlərin geosiyasi maraqlarının daim dəyişdiyi bir dünyada vacibdir”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul