ABŞ-ın İsraildəki səfiri Mayk Hukabi Ramallahın şərqində, Qüds yaxınlığında yerləşən və yəhudi mühacirlər tərəfindən viran qoyulan Fələstinin Taybeh kəndinə səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin rusdilli “Details” nəşri məlumat yayıb.
Səfər başa çatdıqdan sonra səfir xüsusi bəyanatla çıxış edib. Hukabi buranın vandalizmə məruz qalan sakit bir kənd olduğunu deyib. O bildirib ki, kilsəyə, məscidə və ya sinaqoqa hörmətsizlik etmək insanlığa və Allaha qarşı cinayətdir.
“Mən İsraildə yaşayan, yəhudi, müsəlman və ya xristian olan bütün Amerika vətəndaşları üçün çalışıram. Onlar cinayətə məruz qaldıqda və ya terror qurbanına çevrildikdə, mən məsuliyyət daşıyıram. Ona görə də, cavabdehlərin məsuliyyətə cəlb olunmasını tələb edəcəm”, – Amerika səfiri vurğulayıb.
Nəşr qeyd edir ki, Hukabi hüquq-mühafizə orqanlarının yəhudi köçkünlərin hərəkətlərinə göz yumduğuna eyham vurub.
“Burada baş verənlər terrordur. Müqəddəs yerləri murdarlamaq olmaz. Bu, qəbuledilməzdir. Biz Taybehdə və başqa yerlərdə terror və zorakılıq aktlarına görə məsuliyyət daşıyanların tapılıb ədalət qarşısında cavablandırılmasında israr edəcəyik”, – səfir vurğulayıb.
Xatırladaq ki, daha öncə Mayk Hukabi İsrailin daxili işlər naziri Moşe Arbelə sərt məktub göndərib. Məktubun bir nüsxəsi baş nazir Benyamin Netanyahu, prezident İsaak Hersoq və xarici işlər naziri Gideon Saara çatdırılıb.
Qeyd edək ki, bu kəndin sakinlərinin əksəriyyəti ərəb xristianlardır. Kənddə tarixi kilsə yandırılıb və hər tərəf viran edilib.
Əliyar Xəlil