vasiqnton 9

2025-ci ildə İranla, eləcə də Rusiya ilə bağlı ABŞ və İsrailin bəzi planlar hazırladığı haqqında iddialar səsləndirilir. Kollektiv Qərbin İran və Rusiya ilə bağlı planlarının nədən ibarət olduğu isə maraq doğurur.

Hər iki rəqibin eyni anda zərərsizləşdirilməsi mümkündürmü? ABŞ və müttəfiqlərinin İranda, Rusiyada rejim dəyişikliyi planı varmı?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Qərbin Rusiya və İranla bağlı maraqları, mövqeyi fərqlidir:

“İranın regionda qonşuları ilə bağlı apardığı aqressiv siyasəti rəsmi Tehrana qarşı yaranan mövqenin əsas səbəbidir. Bu aqressiv münasibətin arxasında maraqlı dövlətləri narahat edən səbəb İranın nüvə silahı əldə etməsi imkanıdır. Bu həm İran ətrafındakı qonşu ölkələri, həm də dünyanı idarə edən, böyük nüvə silahına malik olan BMT Təhlükəsizlik Şurasına üzv dövlətləri narahat edir. Onlar daim maraqlıdırlar ki, dünyada yeni nüvə silahı əldə edən dövlətlərin sayı artmasın. İran proksi qüvvələri ilə region dövlətləri ərazilərində müxtəlif təxribatlar yaratmaqla məşğuldur. İran eyni zamanda açıq-aydın İsraili təhdid edir. İsrail kiçik ölkə olsa da dünyada kifayət qədər böyük dövlətlərin siyasətinə təsir etmək imkanına malikdir. Ona görə də gələcəkdə İrana qarşı ciddi tədbirlərin görüləcəyi istisna deyil. Bunun arxasında isə ən başda İsrail hökuməti dayanacaq. ABŞ-da hakimiyyətə gələn Respublikaçılar partiyası daima İsrailin arxasında olub. Donald Trampın məsələdə mövqeyi artıq məlumdur. Onun ilk hakimiyyəti dövründə İrana qarşı ciddi təzyiqlər aparan siyasət həyata keçirməsindən sonra bu müddətdə də daha ciddi addımların atılmasında iştirak edəcəyi də şübhə doğurmur”.

murad sadeddinov 1

Murad Sadəddinov

Politoloq Qərbin Rusiya ilə bağlı gələcək planlarından bəhs edərkən bu məsələlərə də aydınlıq gətirib:

“Ukrayna-Rusiya məsələsində vəziyyət bir qədər fərqlidir. Burada Rusiyanın öz qonşularına qarşı apardığı siyasətin nəticəsində yaranmış müharibə Avropa ölkələrini narahat edir. Çünki onların sərhədləri daxilində proses baş verir. NATO maraqları da diqqətə çatdırılır. Çünki Kreml dəfələrlə müharibə səbəbkarı olaraq Alyansı göstərib. Bayden administrasiyasının Ukraynaya verdiyi yardım sayəsində Rusiya bu gün öz məqsədlərinə çata bilmir. Heç Kursk istiqamətində itirilən ərazilərə nəzarəti də qaytara bilmir. Rusiyaya tətbiq olunan sanksiyalar fonunda iqtisadiyyatı çətin vəziyyətdədir. Ukrayna intensiv şəkildə Rusiya daxilinə zərbələr endirir və Kreml bunun qarşısını ala bilmir. Donald Tramp hakimiyyətə gəldikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticəsinə əsasən iki ölkə arasında müharibənin hansı istiqamətdə irəliləyəcəyinin şahidi olacağıq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: