ABŞ-ın Ukrayna müharibəsində iki əsas hədəfi budur – Politoloq

“Rusiya və Ukrayna arasında 11 aydan artıqdır ki, davam edən müharibə Qərb dövlətləri, xüsusilə də ABŞ, Almaniya, Fransa və Böyük Britaniya üçün göydəndüşmə oldu”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Samir Hümbətov ABŞ-ın Ukraynaya hərbi yarımlarını artırması haqda deyib.

Onun sözlərinə görə, Qərb dövlətləri vəziyyəti bu hala gətirməkdə iki əsas məqsəd güdürlər:

“1. Rusiyanı həm iqtisadi, həm də hərbi baxımdan xeyli dərəcədə zəiflətmək;

2. Ukraynanı özlərindən tam şəkildə asılı hala salmaq.

Bu iki prinsip üzərində hərəkət edən Qərb dövlətləri Ukraynaya kifayət qədər silah-sursat və hərbi texnika vermək niyyətində deyillər.

Görünən odur ki, Qərb dövlətləri Ukraynaya az silah verməklə müharibənin vaxtını uzatmağa çalışırlar. Fikrimcə, Qərb Ukraynada istəklərinə xeyli dərəcədə nail olub. Yəni Kiyev birmənalı şəkildə Qərbdən asılı haldadır. Rusiya isə həm hərbi, həm də iqtisadi baxımdan xeyli zəifləyib”.

S.Hümbətov Almaniyanın və ABŞ-ın Ukraynaya tank verməsindən də danışıb:

“Almaniya ilkin mərhələdə Kiyevə 16 “Leopard” verəcək. Burada digər önəmli məsələ isə ABŞ-ın 31 “Abrams” tankı verməsi ilə bağlıdır. Görünür, Rusiyanın yenidən Belarusa silah-sursat və hərbi texnika yığması ABŞ-ı narahat edib və buna görə də həmin tankları verəcəyini açıqlayıb.

Amma qeyd etdiyim kimi, Qərbin əsas hədəfləri bəllidir və Rusiya-Ukrayna müharibəsi üzərindən ona doğru gedir. Gedişat göstərir ki, müharibə uzun çəkə bilər”.

Turan Rzayev
Globalinfo.az