Məlum olduğu kimi, ABŞ və İran arasında hərbi qarşıdurma son günlər yenidən aktiv fazaya keçib. Xüsusilə ABŞ Hərbi Hava Qüvvələrinin 8 iyul tarixində gecə saatlarında İran ərazisinə endirdiyi genişmiqyaslı hava zərbələri bu eskalasiyanın ən diqqətçəkən və ən intensiv mərhələsi hesab oluna bilər.
Ümumiyyətlə ABŞ-nin keçirdiyi əməliyyatlar bir çox baxımdan diqqət çəkir. Əməliyyatların ən mühüm xüsusiyyəti hədəflərin coğrafi seçimi ilə bağlıdır. Belə ki, ABŞ zərbələrinin əsas ağırlıq mərkəzinin İranın cənub sahilləri olduğu görünür. Hürmüzqan, Buşehr, Sistan və Bəlucistan, Xuzistan, eləcə də Gülüstan əyalətlərində qeydə alınan hücumlar göstərir ki, hədəflər təsadüfi seçilməyib. Məsələ ondadır ki, bu ərazilər İranın hərbi-dəniz qüvvələrinin əsas yerləşmə zonaları, raket və pilotsuz uçuş aparatlarının dislokasiya məntəqələri, logistik təminat xətləri və beynəlxalq dəniz kommunikasiyalarına nəzarət baxımından ölkənin ən vacib strateji bölgələri hesab olunur. Elə buna görə də zərbələr yalnız hərbi bazalarla məhdudlaşmayıb, rabitə sistemlərini, sursat anbarlarını, pilotsuz uçuş aparatlarının yerləşdiyi obyektləri, raket infrastrukturunu, liman komplekslərini, hava limanlarını və sahil müşahidə məntəqələrini də əhatə edib.
Diqqət çəkən digər bir məqam da əməliyyatların klassik hava bombardmanına bənzəməməsidir. Hücumların xarakteri göstərir ki, əsas məqsəd komanda-idarəetmə sistemini, logistik təminatı və operativ koordinasiya imkanlarını zəiflətməkdən ibarət olub. Ümumiyyətlə ABŞ-nin bu günə qədər müxtəlif müharibələrdə istifadə etdiyi taktikadan fərqli olaraq bu hücumların daha çox qarşı tərəfin həm də genişmiqyaslı cavab vermək qabiliyyətini məhdudlaşdırmağa, qərar qəbuletmə prosesini ləngitməyə və əməliyyat təşəbbüsünü ələ keçirməyə çalışdığı görünür. Məhz buna görə də hesab edirəm ki, Vaşinqtonun bir məqsədi İranın dəniz istiqamətində hərbi fəaliyyət imkanlarını zəiflətmək, xüsusilə də Hörmüz boğazında mülki gəmiçiliyə təsir göstərə biləcək hərbi infrastrukturu sıradan çıxarmaq olub.
Əslində rəsmi mənbələrin açıqlamalarıda bu qənatə gəlmək üçün əsas verir. Belə ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, 11 iyul tarixində həyata keçirilən növbəti genişmiqyaslı hava əməliyyatı zamanı İran ərazisində təxminən 140 hərbi hədəf vurulub. Cari həftə ərzində davam edən əməliyyatlar çərçivəsində isə ümumilikdə 300-dən çox hədəfə zərbə endirildiyi bildirilib. Bu hücumlar Hürmüzqan əyalətinin Sirik, Bəndər-Abbas və Bumusa məntəqələrini, Buşehr əyalətinin Kənqan, Bəndər-Deyr və Əsəluye şəhərlərini, Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərini, Xuzistan əyalətinin Bəndər-Mahşəhr şəhərini, eləcə də Luristan əyalətinin Veysiyan qəsəbəsini əhatə edib.
İnsan tələfatı ilə bağlı yayılan məlumatlara gəldikdə isə, hazırkı mərhələdə dəqiq rəqəmlərdən danışmaq çətindir. Müxtəlif mənbələrin fərqli statistika təqdim etməsi informasiya müharibəsinin aktiv şəkildə davam etdiyini göstərir. Münaqişə şəraitində tərəflərin itkilərlə bağlı fərqli məlumatlar yayması yeni hal deyil. Mənə görə, bunun əsas məqsədi həm daxili auditoriyanın psixoloji durumunu qorumaq, həm də beynəlxalq ictimai rəydə üstünlük əldə etməkdir. Buna görə də insan tələfatı ilə bağlı rəqəmlərin yaxın günlərdə dəyişməsi ehtimalını yüksək qiymətləndirirəm.
Hücumlar ilə paralel ABŞ rəhbərliyinin açıqlamaları da diqqət çəkir. Prezident Donald Tramp son bəyanatında aşağıdakıları bildirib:
1. “İranla bağlı razılaşma başa çatdı. Ən yüksək səviyyəli danışıqlar aparan nümayəndələrimizə danışıqları davam etdirməyə icazə verəcəyəm”2. “İran məni öldürməyə çalışdı, amma indiyə qədər şanslıyam.”
3. “Biz onlara çox güclü zərbələr endirdik və zərbə nisbətimiz 20-nin 1-ə idi. Onlar bizə hər dəfə zərbə endirdikdə, biz də onlara 20 dəfə artıq zərbə endirəcəyik.”
Mən bu bəyanatları təkcə həyata keçirilən əməliyyatların əsaslandırılması kimi deyil, həm də İranı gələcək addımlardan çəkindirməyə hesablanmış siyasi və psixoloji mesajlar kimi qiymətləndirirəm. Xüsusilə cavab zərbələrinin dəfələrlə daha güclü olacağı barədə verilən mesajlar hərbi üstünlük nümayiş etdirməklə yanaşı, qarşı tərəfə açıq psixoloji təzyiq elementi daşıyır.
İran rəsmilərinin açıqlamaları isə tamamilə fərqli məzmun daşıyır. Rəsmi Tehran bir tərəfdən ABŞ və onun regional müttəfiqlərinə qarşı sərt cavab veriləcəyini nümayiş etdirməyə çalışır, digər tərəfdən isə ölkənin strateji obyektlərinin fəaliyyətini davam etdirdiyini vurğulamaqla daxili sabitliyi qorumağa çalışır. Xüsusilə Buşehr Atom Elektrik Stansiyası ilə bağlı yayılan məlumatların operativ şəkildə təkzib olunması da məhz bu məqsədə xidmət edir.
ABŞ – İran gərginliyi Yaxın Şərqdə təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir və hərbi qarşıdurmanı təkcə iki dövlət arasındakı münaqişə səviyyəsində saxlamır. Artıq bu qarşıdurma regional enerji təhlükəsizliyi, beynəlxalq dəniz daşımaları və qlobal iqtisadi sabitlik üçün ciddi risk faktoruna çevrilməkdədir. Ən pisi isə tərəflərin uzlaşmaq yerinə hərbi əməliyatlara üstünlük verməsi prosesi çıxılmaz hala salır.
Müharibələrin tarixi göstərir ki, təkcə hava bombardmanları heç bir dövləti və ya hökuməti qəti şəkildə təslim olmağa məcbur etməyib. Əksinə, belə əməliyyatlar bir çox hallarda cəmiyyət daxilində həmrəyliyi gücləndirib, müqavimət əzmini artırıb və münaqişəni daha uzunmüddətli mərhələyə daşıyıb.
İrana gəldik də isə Tehranın əlində hələ də ciddi çəkindirici alətlər mövcuddur:
1. Hörmüz boğazında dəniz yollarının gizli minalanması;
2. Kamikadze qayıqlardan istifadə, pilotsuz uçuş aparatları ilə asimmetrik hücumlar;
3. Regional proksi qüvvələrin aktivləşdirilməsi və kiberməkanda cavab əməliyyatları və s.
Bütünün bunlar Tehranın istifadə edə biləcəyi əsas rıçaqlar olaraq qalır. Belə ssenarilərdən hər hansı birinin reallaşması qlobal enerji bazarında ciddi qiymət artımına, beynəlxalq ticarət marşrutlarının pozulmasına və dünya iqtisadiyyatında yeni böhran dalğasının yaranmasına səbəb ola bilər.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı