Vaşinqtondan Bakıya “U dönüşü” – ABŞ Azərbaycanı buna görə itirmək istəmir

ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycana yeni təyin olunan səfir Mark Libbinin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi həvəslə gözlədiyinə dair məlumat yayıb. Xüsusilə son zamanlar Bakı və Vaşinqton arasında münasibətlərin gərginləşməsi fonunda səfirliyin məlumatı diqqət çəkib.

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də keçirdiyi mətbuat konfransında ABŞ-la münasibətlərdə Azərbaycan tərəfinin mövqeyinin açıq şəkildə ifadə olunduğunu bildirmişdi. Nazir qeyd edib ki, hazırda iki ölkə arasında vəziyyəti tam olaraq “gərgin” adlandırmaq olmaz, amma oktyabrda doğrudan da belə idi.

Artıq bir sıra ekspertlər Birləşmiş Ştatların Azərbaycanla bağlı təhdid-şantaj siyasətini yekunlaşdırdığını, Bakının şərtlərini qəbul edərək geri çəkildiyini deyir.

Bəs doğrudan da Bakı və Vaşinqton arasında hazırkı vəziyyəti “barışıq prosesi” adlandırmaq olarmı? ABŞ-ın Azərbaycandan gözləntisi, ölkəmizlə bağlı marağı nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığından sonra vəziyyətin dəyişdiyini bildirib:

“Təxminən 2-3 ay öncə ABŞ-la Azərbaycan arasında münasibətlər həqiqətən də sərt xarakter almışdı. Bunu hər iki dövlət rəsmilərinin ritorikalarında açıq-aşkar görə bilirdik. İndi isə vəziyyət dəyişib, Vaşinqton və Bakı arasındakı münasibətlər yumşalmaq istiqamətində irəliləyir. Bu da ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək müavininin Bakıda qəbul olunmasını xahiş etməsi ilə oldu. Azərbaycan Prezidenti Blinkenin xahişini müsbət qarşıladı. Bu addımdan sonra iki ölkə arasındakı vəziyyət mülayimləşməyə başladı”.

Elçin Abdullayev

Politoloq qeyd edib ki, ABŞ regiondakı maraqlarını Azərbaycan olmadan reallaşdıra bilməz:

“Rəsmi Vaşinqton bir çox dünya dövlətlərinə, o cümlədən Azərbaycana yuxarıdan baxıb. Etiraf etmək lazımdır ki, ABŞ qlobal gücdür, iqtisadiyyatı, diplomatiyası, hərbi gücü kifayət böyükdür. Bundan sui-istifadə edərək hər dövləti öz çətiri altına almaq istəyir. Lakin ABŞ gördü ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, onun diktəsi ilə hərəkət etmək fikrində deyil. Rəsmi Bakı öz müstəqil siyasətini yürütməkdə maraqlıdır. Vaşinqton bunu çox gözəl dərk edir.

Eyni zamanda ABŞ-ın dünyanın bir çox nöqtələrində olduğu kimi Qafqazda da marağı var, bunun üçün müəyyən addımlar atır. Düşünürəm ki, ABŞ Azərbaycansız regiondakı məqsədlərinə nail ola bilməyəcəyinin fərqindədir. Bu səbəblə Vaşinqton Bakının müəyyən tələb və təklifləri ilə razılaşmaq məcburiyyətində qaldı”.

E.Abdullayev Vaşinqtonun əsas məqsədlərindən birinin Bakı ilə Moskva arasında münasibətlərin pozulması olduğunu deyib:

“ABŞ son zamanlar dünyaya yaydığı “demokratiya” imicini ciddi şəkildə zədələyib. Hər kəs, o cümlədən Azərbaycan onun regiona və digər bölgələrə demokratiya gətirmədiyini gözəl anlayır. Bunu Vaşinqton rəsmiləri dərk edirlər, ona görə Qafqaz regionundakı strategiyalarını yumuşaltmağa başlayıblar. ABŞ istəyir ki, Azərbaycan onun ən böyük düşmənlərindən olan Rusiya ilə əlaqələrini kəssin. Lakin bu, onun istəyinə bağlı olan məsələ deyil. Çünki Azərbaycan Rusiya ilə qonşu dövlətdir, iki ölkə arasındakı bağlılıq tarixə söykənir. Hesab edirəm ki, Vaşinqton Bakının könlünü almaq, münasibətləri yaxşılaşdırmaq üçün geri addım atmaq məcburiyyətində qalıb. Amerikalı mütəxəssislər də fərqindədirlər ki, ABŞ Azərbaycanın üzərinə çox gəldikcə özündən uzaqlaşdırmış, Rusiyaya daha da yaxınlaşdırmış olur”.

Ayşən Mustafa
Globalinfo.az