Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerə rusiyalı oliqarx Roman Abramoviçin vəsaitlərinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinə xərclənməsini təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Avropa “üçlüyü” ilə (Fransa, Almaniya və Böyük Britaniya) görüşü zamanı danışıb.
“Zelenski Starmerlə Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə olunan 2,4 milyard funt sterlinqin taleyini müzakirə edib. Ukrayna liderinin sözlərinə görə, bu vəsaitin humanitar proqramlara deyil, Ukraynanın HHM sistemlərinin gücləndirilməsinə və Rusiya raketlərinin qarşısını almaq üçün yeni sistemlərin alınmasına sərf olunması daha ədalətli olardı.
Zelenski hətta bu barədə zarafat da edib: “Abramoviçlə görüşəndə ona xatırlatdım ki, bizə sizin pulunuz lazımdır”, – deyə “Union” nəşri yazıb.
Britaniyanın “The Guardian” nəşri daha əvvəl bildirib ki, Abramoviç may ayında gizli şəkildə Kiyevə gedərək Zelenski ilə danışıqlar aparıb.
Həmin görüşdə Ukrayna lideri oliqarxa deyib ki, Kiyev Moskvanın istədiyi kimi Donbasdan heç vaxt imtina etməyəcək.
Əliyar Xəlil
Globalinfo.az