“Moldovanın Ukrayna ilə hərbi saziş imzalaması bir sıra suallar və narahatlıqlar yaradır”.
Globalinfo.az xəbər verir ki, bunu Moldova parlamentində müxalif Sosialistlər Partiyasını təmsil edən deputat Boqdan Tsırdya deyib.
“Bu hərbi saziş Konstitusiyanın neytrallıqla bağlı müddəasının, yəni 11-ci maddəsinin pozulması baxımından çoxsaylı suallar doğurur. Hərbi münaqişə vəziyyətində olan bir dövlətlə hərbi saziş imzalamaq ən azı həmin dövlətə dəstək vermək deməkdir. Yoxsa belə deyil?” – deyə deputat bildirib.
Parlament üzvü sazişdə aydınlıq tələb edən çoxsaylı məqamların olduğunu da vurğulayıb. O, xüsusilə birgə tədqiqatların aparılması, hərbi texnikanın təmiri və modernləşdirilməsi, eləcə də hərbi texnologiyaların hazırlanması məsələlərini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovanın Ukraynanın yolu ilə getdiyini bildirmişdi. Onun sözlərinə görə, Moldova hazırkı prezident Maya Sandunun səlahiyyət müddətini uzatmaq məqsədilə hərbi vəziyyətin tətbiqi ilə bağlı hüquqi boşluqdan istifadə etməyə çalışır.