ABŞ-ın İrana qarşı növbəti genişmiqyaslı hərbi zərbə endirməsi ehtimalı son günlər artıb. Lakin Prezident Donald Tramp hələlik bununla bağlı yekun qərar verməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp İrana qarşı hərbi əməliyyatların intensivləşdirilməsi imkanını nəzərdən keçirir. Bununla belə, hələlik hücumla bağlı qəti qərar qəbul edilməyib.
Bu arada İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentini İrana qarşı yeni hərbi əməliyyata başlamağa inandırmağa çalışır. Agentliyin mənbəsinin sözlərinə görə, Netanyahu hərbi kampaniyanın Tehran təslim olana və nüvə proqramından imtina edənə qədər davam etdirilməsini istəyir.
Avropa ölkələrinin və Fars körfəzi dövlətlərinin hökumətləri isə Trampı yeni genişmiqyaslı hücumdan çəkindirməyə çalışırlar.
Qərb rəsmiləri hesab edirlər ki, mövcud vəziyyətdə ABŞ prezidentinin qarşısında əlverişli seçim yoxdur. Vaşinqtonun İrana yeni hücumu Tehranı region ölkələrinə cavab zərbələri endirməyə sövq edə bilər.
Digər tərəfdən, Tramp rəsmi atəşkəs və ya sülh sazişi əldə etmədən böhrandan çıxmağa qərar verərsə, İranın Hörmüz boğazı üzərində faktiki nəzarətini qoruyub saxlaması ehtimalı var. “Bloomberg” bunu mümkün ssenarilərdən biri kimi qiymətləndirir.
Əliyar Xəlil