WhatsApp Image 2026 01 08 at 15.16.11

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində deputat Tsovinar Vardanyanın sualını cavablandırarkən bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhü geri dönməz etmək üçün iki ölkə liderləri tərəfindən saziş imzalanmalıdır.

“Sülh sazişi imzalanmalıdır. Bəs sülh sazişini kim imzalayacaq? Digər imzalayan tərəf Əliyev olacaq”, – deyə Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, münaqişə tərəfləri ilə əlaqəsi olmayan başqa bir dövlət başçısı ilə sənəd imzalamaq Ermənistan və Azərbaycan arasında sülhü təmin edə bilməz.

Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə artıq imzalanmış Vaşinqton Bəyannaməsini xatırladıb və sülhün geri dönməz olması üçün əlavə sənədin imzalanmasının zəruriliyini bildirib.

“Əliyev sülhü” deyirsiniz. Mən Braziliyanın hörmətli Prezidenti cənab Lula da Silvadan həmin sənədi imzalamasını xahiş edə bilərəm, amma bu sülh olmayacaq. Mən sənədi Əliyevlə imzalamalıyam. Biri artıq imzalanıb. Sülhü geri dönməz etmək üçün daha bir sənəd imzalanmalıdır”, – deyə o qeyd edib.

Paşinyan parlament çoxluğuna müraciət edərək, Azərbaycan Prezidenti ilə danışıqlar aparmağın və sənəd imzalamağın ittiham kimi təqdim edilməsinə qarşı çıxıb.

“Əgər buna imkan verməsəniz, sülhə nail olmağın başqa bir yolunu bilmirəm, dostlar”, – Ermənistanın Baş naziri bildirib.

O, danışıqların tərəflərinin münaqişə iştirakçıları olduğunu və sülh prosesinin istiqamətinin məhz onlar tərəfindən müəyyən edilməli olduğunu vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: