Fransanın Vətənpərvərlər Partiyasının lideri və 2027-ci il prezident seçkilərinə namizəd Florian Filippot ölkə hərbçilərinin Ukraynada yerləşdirilməsinə qarşı petisiya təşəbbüsü ilə çıxış edib.
Globalinfo.az xəbər verir ki, petisiya partiyanın rəsmi saytında yayımlanıb.
Sənəddə Fransa rəhbərliyi Ukrayna ərazisinə hərbi kontingent yerləşdirməklə bağlı ictimaiyyətə əvvəlcədən məlumat verməməkdə və Konstitusiyanın 35-ci maddəsini pozmaqda ittiham olunur.
Həmin maddəyə əsasən, hökumət xarici hərbi əməliyyatın başlanmasından sonra üç gün ərzində parlamenti məlumatlandırmalıdır.
Məlumata görə, petisiyanın başlanmasına RFI radiostansiyasının araşdırması səbəb olub. Nəşrin məlumatlı mənbələrə istinadən yaydığı xəbərdə Fransa hərbçilərinin ən azı 2026-cı ilin yayından etibarən Ukraynada gizli fəaliyyət göstərdiyi iddia edilir.
Araşdırmada bildirilir ki, fransız generalının komandanlıq etdiyi və “Volia” kod adı daşıyan missiyanın tərkibindəki hərbçilər Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə təlim keçir, həmçinin hərbi texnikanın təmiri ilə məşğul olurlar.
RFI-nin məlumatına görə, missiyanın mandatı Fransa hərbçilərinin döyüş əməliyyatlarında birbaşa iştirakını nəzərdə tutmur. Bununla belə, Parisin Ukraynada hərbi qulluqçularının olduğunu rəsmən təsdiqləmədiyi və parlamenti sözügedən missiya barədə məlumatlandırmadığı iddia olunur.
Tahir Turan
Globalinfo.az