Yəməndə husilər hökumət ordusunun əsir götürülmüş 600 hərbçisini birtərəfli qaydada azad ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı husilərin Əsir Məsələləri Komitəsinə istinadən məlumat yayıb.
Komitənin rəhbəri Əbdülqadir əl-Murtadanın sözlərinə görə, bu, 2015-ci ildə münaqişə başlayandan bəri həyata keçirilən ən böyük birtərəfli əfv qərarıdır.
Onun bildirdiyinə görə, husilərlə Yəmənin rəsmi hakimiyyəti arasında münaqişə dövründə bu cür təşəbbüslər nəticəsində ümumilikdə 2612 nəfər azadlığa buraxılıb.
“Biz əsirlərə intiqam məntiqindən uzaq, humanitar nöqteyi-nəzərdən yanaşırıq”, – deyə əl-Murtada bildirib.
Onun sözlərinə görə, azad edilənlər səkkizinci belə qrup olub. Onların arasında xəstə və yaşlı hərbçilər də var.
Bəzi əsirlər uzun illərdir həbsdə saxlanılırmış. Azad edilmə prosesi Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının iştirakı ilə Sənada həyata keçirilib.
Əl-Murtada Səudiyyə Ərəbistanını və onun koalisiya müttəfiqlərini münaqişə ərzində heç bir humanitar təşəbbüs irəli sürməməkdə və birtərəfli qaydada əsirləri azad etməməkdə ittiham edib.
O, həmçinin komitənin döyüş meydanında əsirlərin öldürülməsi ilə bağlı 100-dən çox, qarşı tərəfin həbsxanalarında isə işgəncə və pis rəftarla bağlı 4 mindən çox hal qeydə aldığını iddia edib.
Komitə rəhbəri azad edilən hərbçiləri bu fürsətdən istifadə edərək normal həyata qayıtmağa və bir daha döyüşlərdə iştirak etməməyə çağırıb.
Əliyar Xəlil
Globalinfo.az