“ABŞ-ın sülh məsələləri üzrə xüsusi nümayəndəsi Cared Kuşnerin Belarus kökləri Rusiya ilə Ukrayna arasındakı münaqişənin həllinə kömək edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont jurnalist Pavel Zarubinə açıqlamasında deyib.
“Biz çoxdan bilirik ki, Kuşner Belarus əsillidir. Bu, kömək edə bilərmi? Bu məsələdə qəti fikir bildirmək olmaz. Lakin həmin şəxslərin danışıqlar prosesində iştirak etməsi bizə müəyyən ümid verə bilər”, – deyə Eysmont bildirib.
Onun sözlərinə görə, danışıqlar aparan şəxslər prosesə çox fəal və dərindən cəlb olunublar.
Belarus nümayəndəsi əlavə edib ki, onların Belarus köklərinin də müsbət rol oynayacağına ümid etmək olar.
Qeyd edək ki, KİV-in məlumatına görə, Kuşnerin ata tərəfdən ailəsi Belarus əsillidir. Onun babası İosif Berkovıç və nənəsi Raisa (Raya) Kuşner indiki Belarusun Qrodno vilayətində yerləşən Novoqrudok şəhərində anadan olublar.
İkinci Dünya müharibəsi zamanı onlar Novoqrudok gettosuna düşsələr də, oradan qaçaraq Belski qardaşlarının partizan dəstəsinə qoşulublar. Müharibədən sonra Budapeştdə ailə həyatı qurublar, 1949-cu ildə isə ABŞ-a mühacirət edərək tikinti biznesinə başlayıblar.
Xatırladaq ki, bundan əvvəl Cared Kuşner Rusiya və Ukrayna arasında tarixdə ən böyük əsir mübadiləsinin hazırlanması istiqamətində iş aparıldığını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az