evvv

Türkiyəli müğənni Ebru Gündəşin 7,5 milyon türk lirəsi (təxminən 150 min dollar) dəyərində saat taxması müzakirələrə səbəb olub. Bir çox insanın ev sahibi olmaq üçün illərlə çalışdığı məbləği bir aksessuara xərcləmək ilk baxışda ağlasığmaz görünür. 

Maraqlıdır, insanları bu qədər pul xərcləməyə vadar edən mənəvi və psixoloji səbəblər nədir? 

Globalinfo.az-a danışan AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib ki, ev qiymətinə saat və avtomobil qiymətinə çanta alınmasının arxasında sadəcə pul bolluğu dayanmır:

“Eyni zamanda, özünü təsdiq və dəyərli hiss etmək ehtiyacı da burda mühüm rol oynayır. Bəzi insanlar bahalı əşyalar vasitəsilə özlərinə, ətrafdakılara uğurlu, nüfuzlu, fərqli və üstün olduqlarını sübut etməyə çalışırlar. Əslində, onlar bəzən saat almırlar, həmin saatın onlara qazandıracağını düşündükləri statusu, diqqəti və hörməti alırlar. Bu davranışın kökündə uşaqlıqda yaşanmış maddi məhrumiyyət, vaxtilə özünü başqalarından aşağı hiss etmək, sosial müqayisə və daxili natamamlıq duyğusu dayana bilər. Yəni bir növ insan keçmişdə yaşadığı çatışmazlığı bu gün bahalı əşyalarla kompensasiya etməyə çalışır”.

el

Əpoş Vəliyev

Mütəxəssis bildirib ki, hər bahalı alışın arxasında psixoloji problem dayanmır:

“Bəziləri bunu həqiqətən zövq və maraq üçün edir. Amma bir məqam düşündürücüdür. İnsan həmin saatı heç kimin görməyəcəyini, heç kimin qiymətini bilməyəcəyini və ona görə münasibətinin dəyişməyəcəyini bilsəydi, yenə də onu alardımı? Unutmayaq ki, bahalı əşyalar insana həqiqi hörmət qazandırmır. İnsan hörməti qolundakı saatla, geyindiyi marka ilə deyil, davranışı, danışığı, rəftarı, düşüncəsi və başqalarına münasibəti ilə qazanır. Əşyanın qiyməti insanın dəyərini artırmır. Əsl dəyər insanın sahib olduğu əşyalarda yox, özündə olmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: