İrəvanda küçə döyüşləri: Paşinyanla bağlı anons verildi

“Ermənistanda “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan xalqı Baş nazir Nikol Paşinyanı devirməyə çağırıb. O, müxalifətin küçə döyüşlərinə hazırlaşdığını bildirib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

O bildirib ki, Mamicanyan təfərrüatları açıqlamayıb, sadəcə, vaxtın daraldığını və xalqın birləşərək Paşinyanı devirə biləcəyinə əminliyini ifadə edib:

“Paşinyanın Azərbaycanla ehtimal edilən sülh müqaviləsi, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin açılamasına dair səsləndirdiyi loyal bəyanatlar ölkə daxilində mövcud iqtidar əleyhinə narazılığı artırmaqdadır.

Mamicanyanın bəyanatı Paşinyanın parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında çıxışından sonraya təsadüf etdi. Fikrimcə, bu, heç də təsadüf deyil. Belə ki, baş nazirin xüsusilə Şuşanın Azərbaycana aid olması ilə bağlı səsləndirdiyi fikirlər, həmçinin onun keçmiş hakimiyyəti tənqid etməsi daxildəki müxalifləri qıcıqlandırmaya bilməzdi.

Əlbəttə, Paşinyanın hakimiyyətdən getməsi hazırda nə bizə, nə regiondakı digər “oyunçulara” sərf edir. Çünki bütün tərəflər prosesin bu və ya digər istiqamət üzrə davam etməsində maraqlıdır. Ehtimal edilən hakimiyyət dəyişikliyi isə indiyə qədər qət edilmiş məsafənin sıfırlanması deməkdir”.

Kənan Novruzov

K.Novruzov deyib ki, sülh müqaviləsi imzalanandan sonra Paşinyanın kimsəyə lazım olmayacağını bildiyi üçün hökumət başçısı məhz buna arxayın olaraq prosesi uzatmağa çalışır:

“Gələcəkdə Ermənistan hakimiyyətinə qarşı etirazların güclənməsi, o cümlədən aksiyaların başlanması mümkündür. Amma bunun Paşinyanın devrilməsi ilə nəticələnəcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, əvvəllər də Ermənistanda oxşar hadisələr olub, lakin onlar nəticəsiz qalıb. Onu da unutmamalıyıq ki, Paşinyan məğlub olduğu halda yenidən baş nazir seçilən nadir siyasətçilərdəndir. Bu isə o deməkdir ki, onu dəstəkləyən xarici qüvvələr var. Fikrimcə, bütün təzyiqlərə baxmayaraq, Paşinyan regiondakı əsas düyünlər açılana kimi hakimiyyətdə qalmağı bacaracaq”.

Zaira Akifqızı
Globalinfo.az