Ermənistanın Baş naziri Nikol Paşinyanın erməni xalqının milli kimliyinin formalaşmasında dövlətçiliyin və çarların roluna dair açıqlaması ölkədə müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Paşinyan bu fikirləri noyabrın 6-da III Ümumdünya Erməni Sammitində çıxışı zamanı səsləndirib.
Baş nazir bildirib ki, ermənilər 301-ci ildən əvvəl də mövcud olublar.
Onun sözlərinə görə, həmin dövrdə xristianlıq dövlət dini, erməni əlifbası və kilsə hələ mövcud olmadığı üçün xalqın milli kimliyinin əsasını çarları təşkil edib.
“Biz kimliyimizi çarlardan almışıq. Eramızdan əvvəl I əsrdə niyə erməni adlanırdıq? Çünki çarlarımız erməni idi”, – Paşinyan deyib.
Bu açıqlamaya erməni ictimai xadim Armen Hovasapyan etiraz edib.
O, sosial şəbəkə hesabında Paşinyanın fikirlərini tarixi reallığın siyasi məqsədlərə uyğunlaşdırılması kimi qiymətləndirib.
Hovasapyanın sözlərinə görə, erməni xalqının kimliyi çarlıq sülalələri tərəfindən yaradılmayıb. O bildirib ki, Yervandunilər İran, Arşakilər isə Parfiya mənşəli olublar və onların erməni xalqının formalaşmasında həlledici rol oynadığını iddia etmək düzgün deyil.
“Erməni kimliyi hansısa kralın əmri ilə yaradılmayıb. Tariximiz dövlətçilik tarixidir, lakin kimliyimiz istənilən dövlətdən, çarlıq sülaləsindən və ya siyasi hakimiyyətdən daha genişdir”, – Hovasapyan iddia edib.
Əliyar Xəlil
Globalinfo.az