fransa 1

Fransada yaşayış xərclərinin artması və sosial problemlərlə bağlı narazılıqlar fonunda ümumölkəmiqyaslı tətil və etiraz aksiyaları genişlənib. Həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalarda yüz minlərlə insan iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press”in məlumatında qeyd olunubş Bildirilir ki, noyabrın 5-də ölkə üzrə 200-dən çox nümayiş keçirilib.

Fransanın Daxili İşlər Nazirliyi aksiyalarda 600 mindən çox insanın iştirak etdiyini açıqlayıb. Həmkarlar ittifaqı CGT isə iştirakçıların sayının 1,6 milyona çatdığını iddia edib.

Etirazçılar əməkhaqlarının və pensiyaların artırılmasını, yaşayış xərclərinin azaldılmasını, həmçinin təhsil sisteminə ayrılan maliyyənin artırılmasını tələb edirlər. Aksiyalar 260-dan çox şəhər və yaşayış məntəqəsini əhatə edib.

Etirazlar zamanı bir sıra şəhərlərdə vəziyyət gərginləşib. Lionda nümayişçilərlə polis arasında toqquşmalar baş verib, hüquq-mühafizə orqanları aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib. Tuluza yaxınlığında yerləşən məktəblərdən birində isə yanğın qeydə alınıb. 

Gərginlik beynəlxalq tədbirlərin təşkilinə də təsir göstərib. Fransada noyabrın 9-10-da keçirilməsi planlaşdırılan G7 xarici işlər nazirlərinin görüşü Marseldən Parisə köçürülüb. Rəsmi izahda qərarın logistika və təhlükəsizlik resurslarının təşkili ilə bağlı olduğu bildirilib. 

Qeyd edək ki, Fransada etirazlar artıq bir neçə həftədir davam edir. Əvvəlcə tələbə aksiyaları kimi başlayan narazılıqlar sonradan əməkhaqları, pensiyalar, sosial təminat və yaşayış xərcləri ilə bağlı daha geniş etiraz hərəkatına çevrilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: