
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının münaqişənin həllinə kömək etməyəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə Almaniya kansleri Fridrix Merzlə Berlində keçirdiyi birgə mətbuat konfransında danışıb. O, Moskvanın belə bir söhbətdən üzbəüz görüşdən yayınmaq üçün istifadə edə biləcəyini düşünür.
“Telefonla danışsaq, Rusiya bundan görüşün baş tutmaması üçün fürsət kimi istifadə edəcək. Biz bu oyunu başa düşürük”, – deyə Ukrayna lideri bildirib.
Zelenskinin fikrincə, telefon danışığı formal xarakter daşıyacaq və tərəflər arasında real irəliləyişə gətirib çıxarmayacaq. O, münaqişənin başa çatdırılması üçün konkret addımların müzakirə edilməli olduğunu və tərəflərin masa arxasında əyləşməsinin vacibliyini vurğulayıb.
Ukrayna Prezidenti, həmçinin Moskvaya getməkdən imtina edib. Onun sözlərinə görə, Putinin Kiyevə dəvət olunması da məqsədəuyğun deyil. Zelenski Rusiyanın bu cür təkliflərini sülh prosesinə maneə kimi qiymətləndirib.
Bununla belə, o, ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli görüş formatını dəstəklədiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Zelenskinin Putinlə görüşmək istəyəcəyi təqdirdə Moskvaya gəlməli olduğunu bildirmişdi. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da Putinin Zelenski ilə danışmaqdan imtina etmədiyini açıqlamışdı.
Tahir Turan
Globalinfo.az