ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı jurnalistlərə açıqlama verərkən ciddi sağlamlıq problemlərinin olduğunu desə də, daha sonra bunun zarafat olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Ağ Evin həyətində çıxış edən 80 yaşlı prezident siqaret çəkmədiyini, spirtli içki və narkotiklərdən istifadə etmədiyini vurğulayıb.
“Özümü şanslı hesab edirəm. Siqaret çəkmirəm, içki içmirəm və spirtli içkilərə həvəsim yoxdur. İçki içən dostlarım var və onlar ciddi çətinliklərlə üzləşirlər. Asılılıqdan qurtulmaq onlar üçün çox çətindir. Narkotiklər isə, yəqin ki, daha da pisdir. Əgər içki içmir, narkotik qəbul etmir və siqaret çəkmirsinizsə, bu baxımdan probleminiz olmur”, – deyə Tramp bildirib.
ABŞ lideri başqa sağlamlıq problemlərinin olduğunu desə də, bunların içki, siqaret və narkotiklərlə əlaqəli olmadığını qeyd edib. O, media nümayəndələrinin bu sözlərindən sonra onun hansı sağlamlıq problemlərinin olduğu ilə maraqlanacağını da bildirib:
“İndi mətbuat soruşacaq ki, onun hansı problemləri var. Heç bir problem yoxdur. Mən sadəcə jurnalistlərlə zarafat etdim. Onlar gözəl insanlardır”.
Qeyd edək ki, may ayında Trampın tibbi müayinəsinin nəticələri onun sağlamlıq vəziyyətinin yaxşı olduğunu göstərib.