Xəbər verdiyimiz kimi, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycanda hicablı şagirdlərin təhsil hüququ ilə bağlı məsələyə münasibət bildirərək “Hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir” deyib. Yeni Azərbaycan Partiyası (YAP) da məsələyə münasibət bildirərək cavab verib.
Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyanın əsl səbəbi nədir?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, siyasətdə bir çox məsələlər qapalı şəkildə baş verir və onlar haqqında məlumatlar xeyli vaxt keçdikdən sonra üzə çıxaraq geniş ictimaiyyətə yayılır:
“Türkiyədə indiki məqamda hakim AKP elitası daxilində Ermənistana böyük rəğbət göstərən qüvvələr ortaya çıxır. Heç də sirr deyil ki, Türkiyədə Ermənistanla barışığa can atan nüfuzlu qüvvələr var. Onlar bəzi hallarda reallığı qəbul etməyərək ermənilərə yaxın dost deyirlər. Bu, bir cərəyan kimi mövcuddur.
Bu zəmində həmin qüvvələr çalışırlar ki, Azərbaycanla gərginlik yaratsınlar. Prezident İlham Əliyevin təsadüfi deyil ki, YAP-ın qurultayında bu məsələlərlə bağlı açıq mesajları var idi: heç kəs bizim daxili işlərimizə qarışmasın. Biz bir millət, iki dövlət ola bilərik, amma dövlətlərin öz hədəfləri, inkişaf konsepsiyaları, daxili və xarici siyasətləri, məqsədləri var. Bunlarla bağlı heç bir dövlət bizi şübhə altına qoya və ya nəyəsə məcbur edə bilməz. Bu, yolverilməzdir. Beynəlxalq hüquqa görə, dövlətlər müstəqildirlərsə, onların daxili işlərinə müdaxilə edilə bilməz.
Tofiq Abbasov
Təəssüf ki, biz belə məqamlarda gözlənilməz yerlərdən gözlənilməz addımlarla üzləşirik. Azərbaycan üçün Türkiyədən gələn bu reaksiyalar gözlənilməz oldu. Həm də bu, məntiqə ziddir. Biz tarix boyu Türkiyənin yanında olmuşuq. Bu ölkə ilə ciddi münasibətlər sistemimiz var. Özü də bu, bir-iki ilin işi deyil, əsrlərə söykənən münasibətlərdir.
Biz bir-birimizə özgə yox, doğmayıq. Bizi birləşdirən çox şey var. Bu baxımdan, gözlənilməz olan bu addım, Türkiyənin bu rəftarı bizi təəssüfləndirir. Azərbaycanda qanunlar işləyir. Nazirlər Kabinetinin qərarları var. Əgər deyilirsə ki, bu, olmaz, deməli, olmayacaq. Buna heç kəs bir söz deyə bilməz”.
Turan Rzayev
Globalinfo.az