Kiyev meri Vitali Kliçko şəhərin infrastrukturunda yaranan problemlər fonunda sakinlərə tövsiyə verib.
Globalinfo.az xəbər verir ki, o, paytaxtdan kənarda dostları və ya qohumları olan şəxslərə şəhəri tərk etməyi və müvəqqəti olaraq başqa yerə köçməyi məsləhət görüb.
“Bu gün söhbət sağ qalmaqdan gedir. Böhran kifayət qədər böyük miqyas ala bilər”, – deyə mer bildirib.
O qeyd edib ki, böhran su təchizatı ilə bağlı daha da dərinləşir, lakin şəhərdən tam təxliyə elan etməyi planlaşdırmır.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın baş nazirinin müavini və energetika naziri Denis Şmıqal Kiyevdə enerji infrastrukturunun mühüm obyektinin zədələndiyini açıqlamışdı.
Partlayışlar nəticəsində Ukraynanın paytaxtını elektrik enerjisi ilə təmin edən enerji sisteminin bir sıra elementləri sıradan çıxmışdı. Nəticədə şəhərin bir neçə rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranmışdı.
Oktyabrın 7-nə keçən gecə isə Rusiya ordusu Kiyevdə hərbi və enerji infrastrukturu obyektlərinə zərbələr endirmişdi.
Günay Rəsulqızı
Globalinfo.az