ABŞ-nin Tennessi ştatında məhbus Krista Paykın edamının uğursuz olmasından sonra Tennessi İslahatlar Departamentinin (TDOC) komissarı Frank Strada vəzifəsindən istefa verib.
Globalinfo.az “qafqazinfo”ya istinadən xəbər verir ki, təxminən 200 ildən sonra Tennessidə ölümcül iynə ilə edam edilməli olan ilk qadın məhbusun ötən həftə planlaşdırılan edamı uğursuz nəticələnib.
Ona iki doza ölümcül dərman verilsə də, məhbus sağ qalıb.
Strada istefasının dövlətin maraqlarına uyğun olduğunu bildirib və hadisə ilə bağlı aparılan araşdırmanı “tamamilə uyğun və zəruri” adlandırıb.
“Komissar Strada öz vəzifələrini vicdanla yerinə yetirib. Bu çətin dövrdə Tennessi xalqının maraqlarını birinci yerə qoymaq istəyini yüksək qiymətləndirirəm”, – Tennessi qubernatoru Bill Li bildirib.
Rəsmilər Paykın edamının yenidən həyata keçirilib-keçirilməyəcəyi barədə hələ açıqlama verməyiblər.
Qeyd edək ki, 50 yaşlı Krista Payk 1996-cı ildə sevgilisi Tadaril Şipplə birlikdə 19 yaşlı Kollin Slemmeri işgəncə verərək öldürməkdə təqsirli bilinib. Payk və Şipp 1995-ci ildə problemli gənclər üçün təşkil olunan təlim düşərgəsində tanış olublar.
Paykın edamı Neşvildəki Riverbend Maksimum Təhlükəsizlik Həbsxanasında ötən çərşənbə günü yerli vaxtla saat 20:00-da həyata keçirilməli idi. Lakin ona iki doza ölümcül dərman verilməsinə baxmayaraq, məhbus ölməyib.
Müdafiə vəkillərinin sözlərinə görə, Payk huşunu itirsə də, nəbzi döyünüb və nəfəs alıb. Uğursuz edamdan sonra o, xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.