Bu gün sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Əməkdar elm xadimi Misir Mərdanovun 80 yaşı tamam olur.
Bu münasibətlə Globalinfo.az sabiq nazirlə müsahibəni təqdim edir:
– Misir müəllim, doğum gününüzü qeyd edəcəksinizmi?
– Açığı, xüsusi bir planım yoxdur. Yəqin ki, ailəmlə, doğmalarımla birlikdə toplaşarıq.
– Misir Mərdanov özünə nə arzu edir?
– Çox çətin sual oldu (gülür). Ən böyük arzum odur ki, Allah mənə nə qədər ömür veribsə, o ömrü sağlam yaşayım, heç kəsə möhtac olmayım və vəfalı ömür-gün yoldaşım həmişə yanımda olsun. Övladlarım sağlam olsun. Mənim üçün bundan böyük arzu yoxdur. Elə ən böyük arzum budur.
– 80 il ərzində aldığınız ən gözəl hədiyyə hansıdır sizin üçün?
– Mənə ilk böyük mükafatı mənə Ulu Öndər Heydər Əliyev təqdim edib – “Əməkdar elm xadimi” fəxri adını verib. Daha sonra, 60 yaşım tamam olarkən cənab Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olundum. 75 yaşımda cənab Prezident mənə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini, dünən isə 80 yaşım olması ilə əlaqədar növbəti yüksək mükafatı, “Şərəf” ordenini təqdim etdi.
Bu mükafatların hər birini həyatımdakı ən dəyərli hədiyyələr hesab edirəm. Dünəndən saysız zənglər gəlir, təbrik edirlər. Vaxt məhdudluğundan hər kəsin zənginə cavab verə bilmədiyim üçün dərin təəssüf hissi keçirirəm.
– Misir müəllim, son olaraq, 80 yaşlı bir ziyalı kimi gənclərə tövsiyəniz nədir?
– Gənclərə tövsiyəm, ilk növbədə, öz sağlamlıqlarının qeydinə qalsınlar, canlarına yaxşı baxsınlar. Çünki Vətənin onlara ehtiyacı var və onlar Vətənə xidmət edəcəklər. İkincisi, unutmasınlar ki, bu gün müstəqil və suveren Azərbaycanın vətəndaşı olmaq üçün yüz minlərlə Azərbaycan vətəndaşı şəhid olub. Bu yolda tökülən qanları və verilən fədakarlıqları heç vaxt unutmasınlar. Bu gün müstəqil bir dövlətin vətəndaşı olmaq böyük xoşbəxtlikdir.
Nəhayət, tövsiyə edərdim ki, imkan daxilində çox oxusunlar, öyrənsinlər, bilik və bacarıqlarını artırsınlar, tərbiyəli olsunlar, ağsaqqalların, ağbirçəklərin və böyüklərin sözünə qulaq assınlar. Çalışsınlar ki, Vətənə layiq övlad olsunlar. Ana dilini, Vətənin və millətin tarixini mükəmməl bilsinlər, müasir texnologiyalara yiyələnsinlər və harada olurlarsa olsunlar, Azərbaycanı layiqincə təmsil etməyi bacarsınlar.
Globalinfo.az kollektivi olaraq Misir Mərdanovu təbrik edir, sağlam can arzu edirik.
Zaira Akifqızı
Globalinfo.az