Globalinfo.az bu mövzu ətrafında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə söhbətləşib.
– Cənab səfir, sizi salamlamaqdan məmnunuq. Vaxt ayırdığınız üçün təşəkkür edirik. Azərbaycan və Fələstin arasında diplomatik münasibətlər 30 ildən artıqdır davam edir. Son illərdə münasibətlər təkcə siyasi dialoq vasitəsilə deyil, həm də humanitar sahədə inkişaf edib. Gəlin, ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən başlayaq.
– Mən təşəkkür edirəm. Sizinlə burada olmaq və Azərbaycan xalqına müraciət etmək mənim üçün xoşdur. Fələstinə göstərilən dostluq və həmrəyliyə görə minnətdarlığımızı ifadə etmək, eləcə də ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın yollarını müzakirə etmək üçün bu fürsəti məmnuniyyətlə dəyərləndirirəm.
– Cənab səfir, Azərbaycan–Fələstin münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Son illərdə əməkdaşlığın hansı istiqamətləri ön plana çıxıb?
– Münasibətlərimiz möhkəm, səmimi və qarşılıqlı hörmət, həmrəylik üzərində qurulub. Fələstinə göstərdiyi dəstəyə və ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə verdiyi önəmə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Onun liderliyi və rəhbərliyi tərəfdaşlığımızın davamlı inkişafına dəyərli dəstək verir.
Baş nazir Dr. Məhəmməd Mustafanın iyul ayında Azərbaycana səfəri bu dostluğu əks etdirdi. Səfər zamanı Prezident Əliyev paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinə dəstəyini bir daha təsdiqlədi.
Fələstin ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və bu, beynəlxalq hüquqa sadiqliyimizi əks etdirir. Beynəlxalq təşkilatlar çərçivəsində siyasi dialoq və əməkdaşlıq münasibətlərimizin əsas istiqamətlərindən biri olaraq qalır, humanitar yardım və təhsil isə xüsusi əhəmiyyət qazanıb.
Azərbaycanda fələstinli tələbələr üçün yaradılan imkanlar gələcəyimizə qoyulan sərmayə və cəmiyyətlərimiz arasında uzunmüddətli bağdır. Mənim əsas prioritetim bu əməkdaşlığı daha da dərinləşdirmək, mədəni və insanlararası əlaqələri genişləndirməkdir.
– Azərbaycan münaqişənin “iki dövlət prinsipi” əsasında sülh yolu ilə həllini dəstəkləyir və bu mövqeyini beynəlxalq platformalarda ardıcıl şəkildə ifadə edib. Eyni zamanda, Azərbaycan Fələstinə humanitar yardım göstərib. Azərbaycanın mövqeyini və indiyədək Fələstinə göstərdiyi dəstəyi necə qiymətləndirirsiniz? Bu istiqamətdə Azərbaycanın daha hansı addımları atmasını görmək istərdiniz?
– Azərbaycanın iki dövlət prinsipi əsasında həllə prinsipial dəstəyini və Fələstin xalqına göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk. Azərbaycanın diplomatik dəstəyi və fələstinli tələbələr üçün yaratdığı təhsil imkanları həmrəyliyi praktiki yardıma və gələcəyə ümidə çevirir.
Azərbaycan rəhbərliyinə, hökumətinə və xalqına minnətdarıq. Fələstin dövlətçiliyinin davamlı şəkildə dəstəklənməsi, mülki əhalinin müdafiəsi və humanitar yardımın maneəsiz çatdırılması ilə yanaşı, təhsil, səhiyyə və yenidənqurma sahələrində əməkdaşlığın genişləndirilməsi vasitəsilə bu tərəfdaşlığın inkişaf etdirilməsi imkanlarını alqışlayırıq.
Ortaq məqsədimiz təxirəsalınmaz ehtiyacları qarşılamaqla yanaşı, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılması üçün şərait formalaşdırmaq olmalıdır.

Səfir Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən
– Azərbaycan həm İsrail, həm də Fələstinlə münasibətlər saxlayır. Fələstin tərəfi Azərbaycanın İsraillə münasibətlərinə necə yanaşır? Sizcə, Bakının hər iki tərəflə siyasi dialoq aparması Fələstin məsələsi ilə bağlı Azərbaycana əlavə diplomatik imkanlar yaradırmı?
– Biz Azərbaycanın beynəlxalq münasibətlərinə dair suveren qərarlarına hörmətlə yanaşır və Fələstin dövlətçiliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Prezident Mahmud Abbasın rəhbərliyi altında Fələstin Dövləti diplomatiya və beynəlxalq hüquq yolu ilə ardıcıl olaraq ədalətli və davamlı sülhə nail olmağa çalışıb. Hesab edirik ki, Azərbaycanın hər iki tərəflə apardığı dialoq mülki əhalinin müdafiəsini, humanitar yardımın maneəsiz çatdırılmasını, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində real addımları təşviq etməklə bu məqsədə xidmət edə bilər.
Fələstin rəhbərliyi ilə sıx koordinasiya şəraitində bu cür iştirakı alqışlayırıq. Bununla belə, İsrail hökumətinin məskunlaşmaların genişləndirilməsi və torpaqların müsadirəsi də daxil olmaqla ifrat sağçı siyasəti Fələstin xalqının hüquqlarını pozur və sülh perspektivlərini sarsıdır. Sakinlərə qarşı zorakılıq və Fələstinə məxsus vergi gəlirlərinin saxlanılması ilə yanaşı, bu tədbirlər ailələrimizin təhlükəsizliyini təhdid edir, dolanışıq imkanlarına zərər vurur və qurumlarımızı zəiflədir. Məzmunlu danışıqlar üçün İsrailin bu pozuntulara son qoyması, xalqımızın azadlıq və müstəqillik hüququna hörmət etməsi zəruridir.
– Sizcə, gələcəkdə tərəflər arasında danışıqların Azərbaycanda keçirilməsi mümkündürmü? Fələstin tərəfi belə bir təşəbbüsü dəstəkləyərdimi?
– Hesab edirik ki, beynəlxalq hüquqa riayət etmək, Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini həyata keçirmək və Fələstin xalqının müstəqil dövlətə sahib olmaq hüququnu təmin etmək üçün həqiqi siyasi iradə olduğu təqdirdə ədalətli və davamlı sülhə nail olmaq mümkündür.
– Bildiyiniz kimi, Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk etməmək qərarından sonra Türkiyənin sosial media məkanında Azərbaycana qarşı kampaniya başladıldı. Daha geniş mənada, Azərbaycanın İsraillə münasibətləri Türkiyə ictimai diskursunda tez-tez müxtəlif reaksiyalarla qarşılanır və bəzən Fələstinə dəstək adı altında aparılan mənfi kampaniyalarla müşayiət olunur. Bununla belə, daha praqmatik baxımdan, Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsinin Fələstin üçün Türkiyənin İsrailə qarşı sərt ritorikadan istifadə etməsindən daha faydalı ola biləcəyini söyləmək mümkündür. Bu məsələ ilə bağlı fikrinizi eşitmək istərdim.
– Azərbaycan suveren dövlətdir, biz onun müstəqil qərarlarına və diplomatik yanaşmasına hörmət edirik.
– Qeyd etdiyim kimi, Türkiyə və Azərbaycan Fələstin məsələsində fəal mövqe nümayiş etdiriblər; eyni ümumi məqsədi izləsələr də, yanaşmaları fərqli ola bilər. Azərbaycan–Türkiyə münasibətlərinin xüsusi xarakterini nəzərə alaraq, sizcə, Ankara və Bakı Fələstin məsələsində səylərini daha sıx əlaqələndirə bilərlərmi?
– Bakı və Ankara Fələstinin etibarlı, qardaş tərəfdaşlarıdır və biz onların dostluq və həmrəyliyini yüksək qiymətləndiririk. Xalqımızı qorumaq, Qəzzanın bərpasını dəstəkləmək, ədalətli və davamlı sülhə doğru irəliləyişi təşviq etmək məqsədilə, Fələstin rəhbərliyi ilə məsləhətləşmələr əsasında iki ölkənin daha sıx koordinasiyalı təşəbbüslərini alqışlayardıq.
Biz 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan, Qəzzanın isə onun ayrılmaz hissəsini təşkil edən müstəqil və suveren Fələstin Dövlətinə onların davamlı dəstəyinə ümid edirik. Koordinasiyanın dəyəri həmrəyliyi azadlıq, ləyaqət və davamlı sülh istiqamətində konkret irəliləyişə çevirmək qabiliyyətindədir.
– Qəzzadakı vəziyyət və bütövlükdə Fələstin məsələsi beynəlxalq gündəmin ən mürəkkəb məsələləri sırasında qalır. Fələstin baxımından, Qəzzada davamlı sülh və təhlükəsizliyin təmin olunmasına hansı siyasi mexanizmlər kömək edə bilər?
– Qəzzadakı vəziyyət son dərəcə ağır olaraq qalır. Elan edilmiş sülh və bərpa planlarına baxmayaraq, genişmiqyaslı yenidənqurma hələ başlamayıb və ailələr, o cümlədən qadınlar və uşaqlar, hələ də çadırlarda və zədələnmiş binalarda yaşayırlar. Sülh planı insanların həyatında yaratdığı dəyişikliklərlə ölçülməlidir.
Qəzzanın gələcəyi Şərqi Qüds də daxil olmaqla Qərb Sahilinin gələcəyindən də ayrılmazdır. Burada məskunlaşmaların genişləndirilməsi, məcburi köçürülmə və yerli sakinlərə qarşı zorakılıq Fələstin xalqının hüquqlarına və həyat qabiliyyətli dövlətin yaradılması perspektivlərinə xələl gətirir. Bizə tam şəkildə riayət olunan daimi atəşkəs, humanitar yardımın maneəsiz çatdırılması, məcburi köçürülmə olmadan yenidənqurma, məskunlaşmaların genişləndirilməsini dayandırmaq və mülki əhalini qorumaq üçün səmərəli beynəlxalq tədbirlər lazımdır.
Bu tədbirlər işğala son qoyan və Qəzza ilə Qərb Sahilini vahid legitim Fələstin hökuməti altında birləşdirməklə müstəqil Fələstin dövlətinin yaradılmasını təmin edən, aydın vaxt çərçivələri, beynəlxalq təminatlar və hesabatlılığı ehtiva edən etibarlı siyasi proseslə müşayiət olunmalıdır. Biz diplomatiyaya və ədalətli sülhə sadiqik, lakin xalqımız sonsuzadək yalnız vədlərlə yaşaya bilməz.
Turan Rzayev
– Sizin fikrinizcə, Qəzzanın gələcək idarəçiliyində və yenidən qurulmasında hansı tərəflər aparıcı rol oynamalıdır?
– Qəzzanın gələcəyinin formalaşdırılmasında aparıcı rol Fələstin xalqına məxsus olmalıdır; idarəetmə legitim Fələstin rəhbərliyi altında həyata keçirilməli, Qəzza və Qərb Sahili vahid siyasi və inzibati çərçivədə birləşdirilməlidir. Yenidənqurmaya Fələstin qurumları rəhbərlik etməli, ərəb və beynəlxalq tərəfdaşlar bunu dəstəkləməli, proses Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələndirilməlidir; maliyyələşmə şəffaf, hesabatlılıq isə aydın olmalıdır. Fələstinin prioritetlərinə uyğun olaraq, Azərbaycanın və bütün dostlarımızın töhfələrini məmnuniyyətlə qarşılayardıq. Məqsəd evləri, zəruri xidmətləri və dolanışıq imkanlarını bərpa etmək, fələstinlilərin öz torpaqlarında qalmasına imkan yaratmaq və müstəqil dövlətin təməllərini möhkəmləndirmək olmalıdır. Beynəlxalq dəstək fələstinlilərə öz gələcəklərini özlərinin idarə etməsi üçün imkan verməlidir.
– Qüds məsələsi də İsrail–Fələstin münaqişəsinin ən həssas aspektlərindən biridir. Fələstin tərəfi Qüdsün statusu ilə bağlı yekun siyasi nizamlanmanı necə təsəvvür edir və bu məsələdə beynəlxalq ictimaiyyətdən hansı mövqeni gözləyir?
– Bizim mövqeyimiz aydındır. 1967-ci il sərhədlərinə əsaslanan iki dövlət prinsipi əsasında həll çərçivəsində Şərqi Qüds müstəqil Fələstin Dövlətinin paytaxtı olmalıdır. Qüdsün dini əhəmiyyəti bütün müqəddəs məkanların, ibadət azadlığının, eləcə də tarixi və hüquqi status-kvonun qorunmasını tələb edir.
Biz beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinin həyata keçirilməsini istəyirik. Beynəlxalq ictimaiyyət İsraili öz öhdəliklərinə əməl etməyə, məskunlaşmaların genişləndirilməsini dayandırmağa və işğal olunmuş Şərqi Qüdsün xarakterini və statusunu dəyişdirən birtərəfli tədbirlərə son qoymağa məcbur etmək üçün təsirli diplomatik və siyasi təzyiq göstərməlidir. Davamlı sülh beynəlxalq öhdəliklərin əməli fəaliyyətə çevrilməsini, pozuntulara görə məsuliyyətin təmin olunmasını və Fələstin xalqının hüquqlarının qorunmasını tələb edir.
– Uzun illər davam edən Ermənistan–Azərbaycan münaqişəsinin nəticəsi olaraq Bakı sülh danışıqları və münaqişədən sonrakı mərhələ ilə bağlı öz təcrübəsini formalaşdırıb. Sizcə, Azərbaycanın təcrübəsindən hansı dərslər və ya yanaşmalar Fələstin məsələsi baxımından aktual ola bilər? Daha konkret desək, Azərbaycanın təcrübəsinin hansı cəhətlərinin Fələstin üçün faydalı ola biləcəyini düşünürsünüz?
– Hər bir münaqişənin özünəməxsus tarixi var, lakin Azərbaycanın təcrübəsi yenidənqurma, zəruri xidmətlərin bərpası və məcburi köçkün ailələrin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan yaradılması baxımından dəyərli dərslər təqdim edir. Səfir kimi mən azad edilmiş ərazilərə səfər etmiş və yenidənqurma işlərini bilavasitə müşahidə etmişəm. İcmaların yenidən qurulduğunu görərkən ümid etdim ki, bizim xalqımız da öz evlərini yenidən qurmaq, öz torpaqlarında azad və təhlükəsiz yaşamaq imkanı əldə edəcək.
Azərbaycanın infrastrukturun bərpası və minalardan təmizləmə sahəsində təcrübəsi Fələstinlə əməkdaşlıq üçün faydalı istiqamətlər aça bilər. Həmçinin sizi jurnalist kimi Fələstinə səfər etməyə, xalqımızı birbaşa dinləməyə və işğal şəraitində həyatın reallıqlarını sənədləşdirməyə dəvət etmək istərdim. Bu reallıqları öz gözlərinizlə görməyin və ədalətsizliyə məruz qalanların səsini çatdırmağın əvəzi yoxdur. Bizim üçün yenidənqurma işğala son qoyan və müstəqil Fələstin dövlətinin yaradılmasını təmin edən siyasi nizamlanma ilə yanaşı getməlidir.
– Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə təcavüz aktlarına qarşı kollektiv çəkindirməni gücləndirmək məqsədi daşıyan “Birgə Müdafiə üzrə Məkkə Sazişi”ni imzalayıblar. Fələstin bu prosesdə hansı formada iştirak etməyi nəzərdən keçirir? Fələstinin bu təşəbbüsə qoşulması hazırda gündəmdədirmi?
– Biz Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın ədalət, sülh və regional sabitliyin dəstəklənməsi naminə birliyini alqışlayırıq. Birgə fəaliyyət göstərməklə onlar ortaq mövqelərini və hüquqları qorumaq, beynəlxalq hüququ müdafiə etmək və təcavüzün qarşısını almaq imkanlarını gücləndirə bilərlər.
– Nəhayət, Fələstin baxımından Azərbaycan xalqına çatdırmaq istədiyiniz əsas mesaj nədir?
– Azərbaycan xalqına mesajım minnətdarlıq və dostluq mesajıdır. Xalqınızın həmrəyliyini, rəhbərliyinizin və hökumətinizin dəstəyini yüksək qiymətləndiririk. Səfir kimi mən ölkənizin yenidən qurmaq və daha yaxşı gələcək yaratmaq əzminin şahidi olmuşam. Ümid edirəm ki, fələstinli ailələr də öz torpaqlarında eyni imkandan yararlana biləcəklər. Xalqımız azadlıq və ləyaqət içində yaşamaq, övladlarını təhlükəsiz şəraitdə böyütmək və sülhün hökm sürdüyü regiona töhfə vermək istəyir.
Sizin dostluğunuz bizim üçün böyük əhəmiyyət daşıyır və ümid edirəm ki, xalqlarımız arasındakı bağlar gələcək nəsillər boyunca daha da möhkəmlənəcək.
Bunu da oxuya bilərsiniz: Səfir ilginc faktları açır: “240 kubalı Azərbaycanda insanları belə xilas etdi” – MÜSAHİBƏ
Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı