“Türkiyə-İsrail münasibətlərinin pozulması tarixi əsasən Fələstin məsələsi, regional münaqişələr və diplomatik böhranlar fonunda bir neçə dalğa halında baş verib. Türkiyə 1949-cu ildə İsraili tanıyan ilk müsəlman ölkəsi olsa da, illər ərzində əlaqələr kəskin eniş-yoxuşlar yaşayıb”.
Bu sözləri Globalinfo.az-a politoloq Bakir Həsənbəyli Türkiyə-İsrail gərginliyinin tarixi və mövcud vəziyyətini təhlil edərkən deyib.
Politoloq bildirib ki, münasibətlərin pisləşməsinin və pozulmasının bir neçə tarixi mərhələsi var:
“İlkin mərhələ 1956-1980-ci illəri əhatə edir. 1956-cı il Süveyş böhranını münasibətlərin pozulmasının təməli hesab etmək olar. İsrailin Misirə hücumundan sonra Türkiyə Təl-Əvivdəki diplomatik təmsilçiliyinin səviyyəsini aşağı salaraq ilk siyasi etirazını bildirdi.
1980-ci ildə Qüds böhranı yaşandı. İsrailin birtərəfli qaydada Qüdsü özünün bölünməz paytaxtı elan etməsinə cavab olaraq Türkiyə bu ölkə ilə diplomatik münasibətlərinin səviyyəsini minimuma endirdi.
2008-ci ildəki Qəzza müharibəsi münasibətlərin soyumasını daha da dərinləşdirdi. İsrailin Baş naziri Ehud Olmertin Ankaraya səfərindən dərhal sonra İsrailin Qəzzada hərbi əməliyyatlara başlaması münasibətləri kəskin şəkildə pisləşdirdi.
2009-cu ildə “One Minute” böhranı ilə münasibətlərin pisləşməsi pik həddə doğru irəlilədi. Belə ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti Şimon Peres arasında Qəzza mövzusunda sərt debat yaşandı. Ərdoğanın Peresə “Siz adam öldürməyi yaxşı bilirsiniz” deyərək paneli tərk etməsi münasibətlərdə ciddi dönüş nöqtəsi oldu.
Daha sonra, 2010-cu ildə “Mavi Mərmərə” faciəsi əlaqələrin rəsmən kəskin şəkildə pisləşməsi ilə nəticələndi. 31 may 2010-cu ildə Qəzzaya humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail hərbçiləri tərəfindən beynəlxalq sularda basqın edildi. Hadisə nəticəsində 10 Türkiyə vətəndaşı həlak oldu. Türkiyə İsraildəki səfirini geri çağırdı, hərbi müqavilələri dondurdu və diplomatik əlaqələri ikinci katib səviyyəsinə endirdi. Bu vəziyyət İsrailin 2013-cü ildə rəsmən üzr istəməsinə və 2016-cı ildə təzminat ödəməsinə qədər davam etdi.

Bakir Həsənbəyli
2018-ci ildə ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi və buna etiraz edən fələstinlilərin İsrail ordusu tərəfindən öldürülməsi fonunda Türkiyə ilə İsrail yenidən qarşılıqlı olaraq səfirlərini geri çağırdılar və diplomatik əlaqələr illərlə kəsildi.
Uzun fasilədən sonra 2022-ci ildə tərəflər münasibətləri normallaşdırmaq qərarına gəldilər və səfirlər yenidən təyin olundu.
7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumları və İsrailin Qəzzada başlatdığı irimiqyaslı müharibə münasibətləri tamamilə qopma nöqtəsinə gətirdi. Türkiyə İsraillə olan bütün ticarət əlaqələrini tamamilə dayandırdı, səfirini geri çağırdı və İsrail rəhbərliyini beynəlxalq məhkəmələrdə hərbi cinayətlərdə ittiham etdi.
Türkiyə-İsrail münasibətləri hazırda diplomatik normallaşma mərhələsindən tamamilə çıxaraq, hərbi qarşıdurma risklərinin belə müzakirə olunduğu ən gərgin dövrlərindən birini yaşayır. Tərəflər arasında həm siyasi ritorika kəskin şəkildə pisləşib, həm də iqtisadi-ticari əlaqələr rəsmən dondurulub.
Münasibətlərin cari vəziyyətini xarakterizə edən bir sıra məqamlar var. Qəzza zolağında baş verən hərbi əməliyyatlardan sonra iki ölkə arasında münasibətlər etik və siyasi çərçivələri aşaraq kəskin qarşıdurma fazasına keçib. Türkiyə rəhbərliyi İsrailin hərbi və siyasi addımlarını sərt tənqid edir, İsrail tərəfi isə Türkiyənin regional təsirindən və iddialarından narahatlığını ifadə edir.
Ankara regional münaqişə fonunda İsraillə olan bütün idxal və ixrac əməliyyatlarını rəsmən tamamilə dayandırdığını elan edib. İki ölkə arasındakı gərginlik diplomatik müstəvidən potensial hərbi gərginlik riskinə qədər irəliləyib. İsrailin rəsmi dairələrində Türkiyənin Şərqi Aralıq dənizindəki hərbi-dəniz gücü və onun İsrailin dənizə çıxışını məhdudlaşdıra bilməsi ehtimalı geniş müzakirə olunur”.
Turan Rzayev
Globalinfo.az