“Sentyabrın 27-də ilk hücum zamanı 1-ci Ordu Korpusunun qarşısına Murovdağ istiqamətində 3453 yüksəkliyini ələ keçirmək vəzifəsi qoyulmuşdu. 701-ci briqadanın Nail Daşdəmirovun rəhbərlik etdiyi taboru isə 1444 yüksəkliyini – Kəhirlər xarabalığı adlandırılan yüksəkliyi götürməli idi. 3-cü Ordu Korpusunun Çamışdağ silsiləsini ələ keçirməsi ilə hücum genişlənməli, hər iki korpus Aterkin üzərində birləşməli idi”.
Globalinfo.az xəbər verir ki, bunu hərbi bloger Tofiq Şahmuradov nəşrə hazırladığı kitabında yazıb.
O bildirib ki, 1-ci Ordu Korpusunun komandanlığı korpusun ən hazırlıqlı iki bölməsini – 057 nömrəli Əlahiddə Kəşfiyyat Taborunu və 079 nömrəli Həmlə Taborunu Murov istiqamətinə göndərmişdi:
“Döyüşün ilk günü 1-ci Ordu Korpusuna aid 057 nömrəli Əlahiddə Kəşfiyyat Taboru 3453 yüksəkliyini ələ keçirdi. Nail Daşdəmirovun taboru isə 1444 yüksəkliyini – Kəhirlər xarabalığı deyilən yüksəkliyi götürərək orada dayandı. Sonradan 3-cü korpus irəliləyə bilmədiyi üçün bu qüvvələrin mühasirədə qalmaq riski yarandığı üçün buradan çıxarıldı. 3453 Murov yüksəkliyinə düşmən bir neçə dəfə əks-hücum etsə də, qaytara bilmədi.
3-cü Ordu Korpusu ilk gün müəyyən irəliləyiş əldə etsə də, sonrakı günlərdə vəziyyət 180 dərəcə dəyişdi. 1xx-ci Daşkəsən briqadası Zod istiqamətində, 1xx-ci Murov briqadası isə Ağdərə–Çamışdağ istiqamətində çox ağır itkilər verdi. Korpusun qərargah rəisi polkovnik Elçin Əliyev ağır yaralandı, Murov briqadasının qərargah rəisi polkovnik-leytenant Yaşar Sadiqov, tabor komandirləri mayor Rahib Babayev, mayor Vüsal Vəliyev, polkovnik-leytenant Atəm Əliyev və briqadanın döyüş hazırlığı bölməsinin rəisi İlkin Rzayev ilk günlərdə şəhid oldular.
Ermənilər Kəlbəcərdə hücumumuzu dayandırdıqları üçün burada olan qüvvələrinin bir hissəsini mərkəz istiqamətinə atmaq istəyirdilər. Məqsəd bu istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrini darmadağın etmək, Ağcakəndi ələ keçirmək, bununla həm Ağdam, həm də Tərtər–Borsunlu–Tapqaraqoyunlu istiqamətində cəbhəni yarmaq, Talış–Suqovuşan istiqamətindəki qüvvələrimizi mühasirəyə salmaq və hücumu davam etdirərək sürətlə Yevlax–Qazax yoluna çıxmaqla müharibənin taleyini həll etmək idi.
Hər iki tərəf həlledici ana hazırlaşırdı. Ermənilər özlərinə həddindən artıq arxayın idilər. Separatçıların “müdafiə naziri” Cəlal Harutyunyan Ağdam istiqamətində, Çobandağda döyüşü idarə edirdi.
1-ci Ordu Korpusu demək olar ki, tək dayanmışdı. Müharibənin taleyi bu döyüşdə həll oluna bilərdi. Korpusun arxasında, uğursuzluq baş verəcəyi təqdirdə onu əvəzləyə biləcək ciddi qüvvə demək olar ki, yox idi. Hər şey bir anda faciə ilə yekunlaşa bilərdi.
Xankəndidə yerləşdirilən ümumqoşun ordusunun ehtiyatlarını, qərargahı Ağdərədə yerləşən 10-cu dağ-atıcı diviziyanın bölmələrini, 193 nömrəli xüsusi təyinatlı desant-həmlə taborunu, 022 nömrəli Xüsusi Təyinatlı Qüvvələrin bölmələrini, müharibədən əvvəl bir sıra ölkələrdən gətirilmiş ASALA üzvlərini, Livandan gətirilərək yenidən təşkil olunmuş “Arabo” könüllü batalyonunu, şəxsi heyətinin böyük hissəsi muzdlulardan ibarət olduğu bildirilən, komandirləri fransız ermənilərindən olan 7-ci dağ-atıcı alayı, 77-ci tank taborunu, 38-ci əlahiddə mexanikləşdirilmiş tabora, 49 saylı tank briqadası, 8-ci mexanikləşdirilmiş briqada, 62-ci əlahiddə kəşfiyyat taboru və 81-ci əlahiddə kəşfiyyat taboru, 3 polis taboru, Ağdam və Tərtər istiqamətində yerləşən 4-cü və 5-ci alayların ehtiyatlarını əməliyyata cəlb etmişdi. Həmçinin 3-cü Ordu Korpusunun qarşısında olan ehtiyat qüvvələr də bu istiqamətə atılmışdı.
Ermənilər cəmlədikləri böyük qüvvə ilə eyni anda bir neçə istiqamətdə əks-hücum əməliyyatı təşkil etməklə həm 457 yüksəkliyinin qarşısında yerləşən Mübariz postunu, həm Talış kəndi istiqamətindəki 701 və 831 yüksəkliyini, həm də 1208 və 1353 yüksəkliklərini ələ keçirməyi planlaşdırırdılar. Bununla 1-ci Ordu Korpusunun bu istiqamətdəki böyük bir hissəsini mühasirəyə salaraq korpusu Ağdam–Tərtər–Goranboy istiqamətində darmadağın etməli idilər.
Cəbhədə ağır artilleriya döyüşü gedirdi. Buna baxmayaraq, hər iki tərəf sanki öz məqamını gözləyirmiş kimi mövqelərində dayanmışdı.
Açığı, kəşfiyyat məlumatlarını anbaan çatdıran zabitin söylədiyi hər yeni məlumatı eşitdikcə təşvişə düşməmək mümkün deyildi.
Oktyabrın 1-də ordumuz erməniləri qabaqlayaraq səhərə yaxın şiddətli artilleriya atəşi ilə hücuma başladı. Sanki səsdən yer-göy dağılırdı. Torpaq adamın ayağının altından qaçırdı.
Çox şiddətli müqavimətə baxmayaraq, axşama yaxın 057 nömrəli tabor düşmənin müqavimətini qıraraq 457 yüksəkliyini ələ keçirərək 6-cı alayın mühasirə halqasını qapadı. 079 Həmlə Taboru düşmənin içindən sızaraq Talış–Suqovuşan arasında yerləşən 791 Teleqüllə yüksəkliyini tutaraq yolu bağladı, alayın qüvvələrini parçaladı. Hücum dayandırılmadan davam etdirildi və 5-ci alayın müdafiə zolağında yerləşən 22 post – Borsunludan Çaylıya qədər olan mövqelər – təmizləndi.
Hücumu dayandırmağa çalışan ermənilərin 193 nömrəli xüsusi təyinatlı əlahiddə desant-həmlə taboru və 022 nömrəli Xüsusi Təyinatlı Qüvvələrin iki taboru, eləcə də Talış–Suqovuşan istiqamətinin müdafiəsini təşkil edən 6-cı alay tamamilə məhv edildi.
Ermənilər bu istiqamətdə verdikləri ağır itkilərdən sonra mənəvi-psixoloji üstünlüklərini itirdilər və oktyabrın 3-də Suqovuşan işğaldan azad edildi.
Əliyar Xəlil
Globalinfo.az