edalet

Ədalət Partiyası 27 sentyabr Anım Günü münasibətilə bəyanat qəbul edib.

Bəyanatda deyilir:

“2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarının işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin yeni mərhələsinə çevrildi. 44 gün davam edən müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri və digər ərazilər azad edildi. Sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə olundu.

Bu qələbənin arxasında minlərlə Azərbaycan oğlunun və qızının fədakarlığı, sarsılmaz əzmi və misilsiz qəhrəmanlığı dayanır. Vətən müharibəsində canından keçən hər bir şəhidimizin həyatı Azərbaycan tarixinin qürurla yazılmış səhifəsidir. Onların qanı torpağımıza qarışdı, adları isə xalqımızın ürəyində əbədi yaşayır.

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi şəhidlərimizə dövlət səviyyəsində göstərilən dərin ehtiramın parlaq ifadəsidir.

Ədalət Partiyası bu müqəddəs gündə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını itirən bütün şəhidlərimizin əziz xatirəsini sonsuz ehtiram, minnətdarlıq və qürur hissi ilə yad edir.

Şəhidlərimizin bizə qoyduğu ən böyük miras yalnız azad edilmiş torpaqlar deyil. Onların bizə əmanəti Vətənə bağlılıq, dövlətə sədaqət, milli birlik və gələcək nəsillər qarşısında məsuliyyət hissidir. Bu əmanəti qorumaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Bu gün şəhid ailələrinin və qazilərimizin daim diqqətdə saxlanılması, onların sosial müdafiəsinin gücləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yaşadılması hər birimizin müqəddəs mənəvi borcudur.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiram və sədaqətlə yad edirik”.

Paylaş: