Polşa Ukraynaya endirilən Rusiya zərbələri fonunda qırıcı təyyarələri havaya qaldırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, bu addım profilaktik xarakter daşıyıb və Polşanın hava məkanının təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də zərbələrin endirildiyi ərazilərə yaxın bölgələrin qorunması məqsədi daşıyıb.
Qurum əlavə edib ki, aparılan yoxlamaların nəticəsində Polşanın hava məkanının pozulması halı qeydə alınmayıb.
Bundan əvvəl Polşa Rusiyanı Kalininqrad vilayəti istiqamətindən ölkənin hava məkanını pozmaqda ittiham edib. Bildirilirdi ki, Branewo şəhərinin şimalında Rusiyaya məxsus Mi-8 helikopteri guya Polşa ərazisinə daxil olub.
Sentyabrın 17-də isə Polşanın Baş naziri Donald Tusk Ukraynanın Polşa sərhədindən 4 kilometr məsafədə yerləşən Yaqodin yaşayış məntəqəsi yaxınlığında yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatının ehtimal olunan hücumu barədə danışıb. Bu hadisədən sonra Polşa qırıcı təyyarələri havaya qaldırıb.
Əliyar Xəlil
Globalinfo.az