Nəqliyyat infrastrukturunda yaranmış ciddi pozuntu və ictimai nəqliyyatın fəaliyyətindəki çətinliklər taksi xidmətlərinə tələbin kəskin artmasını və müəyyən qiymət yüksəlişini qismən izah edə bilər.
Lakin tariflərin qısa müddətdə 2-3 dəfə artırılması sırf bazar tələbi ilə əsaslandırıla bilməz. Çünki yanacaq, texniki xidmət, avtomobilin saxlanması və digər əməliyyat xərcləri eyni müddətdə 2-3 dəfə artmayıb. Deməli, qiymət sıçrayışının əsas səbəbi xərc strukturundan daha çox, sərnişinlərin seçim imkanlarının kəskin məhdudlaşmasıdır.
Burada tələb artımının xarakterinə də diqqət yetirmək lazımdır. Bir vəziyyət var ki, insanların gəlirləri və imkanları genişlənir, onlar rahatlıq və vaxta qənaət üçün taksidən daha çox istifadə edirlər. Belə halda artan tələb normal bazar prosesidir. Başqa vəziyyət isə insanların ictimai nəqliyyatın işləməməsi və ya məhdudlaşması səbəbindən naəlac qalaraq taksidən istifadə etməsidir. Hazırkı vəziyyətdə Bakıda daha çox ikinci hal müşahidə olunur. Buna görə də taksi şirkətləri yaranmış məcburi tələbi öz marketinq və qiymət strategiyalarında nəzərə almalıdırlar.
Klassik tələb-təklif modeli tələb artdıqda qiymətin yüksəlməsini normal qəbul edir, amma bunun üçün bazarda rəqabət və real seçim imkanları olmalıdır. İctimai nəqliyyatın işləmədiyi şəraitdə taksi sərnişin üçün alternativ deyil, faktiki olaraq məcburi nəqliyyat vasitəsinə çevrilir. Bu zaman tələbin qiymətə həssaslığı azalır və şirkətlərin qiyməti kəskin artırmaq imkanları genişlənir. Belə qiymət artımı artıq yalnız sağlam bazar siqnalı deyil, müəyyən mənada yaranmış bazar gücündən istifadə deməkdir.
Ona görə də problemin mahiyyətini yalnız taksi şirkətlərinin davranışında axtarmaq düzgün olmaz. Əsas məsələ şəhərdə alternativ nəqliyyat imkanlarının kifayət qədər olmamasıdır. Normal və rəqabətli nəqliyyat sistemi olsaydı, taksi şirkətlərinin tarifləri 2-3 dəfə artırmaq imkanı da xeyli məhdudlaşardı. Bu baxımdan dövlətin əsas vəzifəsi qiymətləri inzibati qaydada dondurmaqdan daha çox, ictimai nəqliyyatın dayanıqlılığını təmin etmək, alternativ nəqliyyat imkanlarını genişləndirmək və taksi bazarında real rəqabəti qorumaqdır.
Əks halda hər növbəti nəqliyyat böhranı eyni ssenarini təkrarlaya bilər: məhdud seçim imkanları, kəskin artan məcburi tələb, taksi şirkətlərinin genişlənən qiymət gücü və nəticədə sərnişinlərin əlavə maliyyə yükü. Bazar prinsipləri qiymət artımını müəyyən həddə qədər izah edə bilər, lakin insanların məcburiyyətindən həddindən artıq qazanc əldə edilməsini avtomatik olaraq sağlam bazar davranışı hesab etmək olmaz.
Akif Nəsirli