kreditler 900x600 1

Ali Məhkəmənin onlayn kreditlərlə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilib ki, son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılıb. Vurğulanıb ki, bu xidmətlər həm banklardan yüksək təhlükəsizlik standartları tələb edir, həm də vətəndaşların fərdi məlumatlarının qorunmasına diqqətli yanaşmasını zəruri edir.

Məlumatda, “Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir”, – hissəsi isə özəlliklə diqqət çəkib.

Xəbərimiz olmadan adımıza kredit götürülürsə, niyə həmin borca görə məsuliyyət daşımalı oluruq? Bu yanaşma vətəndaşın hüquqlarını qoruyur, yoxsa bankların məsuliyyətini artırmaq lazımdır?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, burada söhbət kredit məsələsindən gedir və bir neçə məqam qarşı-qarşıya qoyulur:

“Hüququn əsas prinsiplərindən biri odur ki, istənilən müqavilə bağlanarkən tərəflərin iradəsi sərbəst olmalıdır. Bu, istər nikah, istər biznes, istərsə də kredit müqaviləsinə aiddir. Əgər şəxs başqa birinin məlumatlarından istifadə edərək onun adından müqavilə bağlayıbsa, həmin müqavilənin etibarlılığı şübhə altına düşə bilər. Lakin bunun həqiqətən belə olduğu da sübut edilməlidir. Əks halda, sui-istifadə halları yarana bilər və insanlar götürdükləri kredit üzrə sonradan “mən bu krediti götürməmişəm” iddiası irəli sürə bilərlər. Digər tərəfdən, bankın da hüquqları var. Qanunvericilik məsafədən kredit müqaviləsinin bağlanmasına imkan verirsə, bu zaman bank müəyyən edilmiş identifikasiya və təhlükəsizlik tələblərinə əməl etməlidir. Şəxsi məlumatların daxil edilməsi, imzanın təsdiqlənməsi, elektron imzanın tətbiqi və digər təhlükəsizlik prosedurları qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir”.

elcin 1 1

Elçin Rəşidov

İqtisadçı bildirib ki, belə hallar məhkəmə qaydasında qiymətləndirilməlidir:

“Bank zəruri yoxlamaları aparmadan kredit veribsə, vətəndaşın iddiası əsaslı sayıla bilər. Əksinə, bank qanunvericilikdə nəzərdə tutulan bütün qaydalara və standartlara əməl edərək kredit veribsə, məsələ başqa cür dəyərləndirilməlidir. Burada iki əsas məqam – kredit vəsaitinin faktiki olaraq kimin əlinə keçməsi və bankın kredit verərkən identifikasiya, təhlükəsizlik tələblərinə nə dərəcədə əməl etməsi –  müəyyənləşməlidir. Əgər üçüncü şəxs başqa birinin məlumatlarından istifadə edərək kredit götürübsə, bu, avtomatik olaraq həmin şəxsin krediti götürdüyü anlamına gəlmir. Lakin bu hal sübut olunmalıdır. Vətəndaş kredit müqaviləsinin bağlanmasında iştirak etmədiyini, vəsaitin ona çatmadığını və kreditdən üçüncü şəxsin istifadə etdiyini əsaslandıran sübutlar təqdim etməlidir.

Eyni zamanda, bankın da üzərinə düşən öhdəliklər araşdırılmalıdır. Məsafədən kredit verən tərəf kimi bank ciddi identifikasiya, yoxlama, imza və təhlükəsizlik prosedurlarını həyata keçirməlidir. Bu prosedurların yerinə yetirilib-yetirilmədiyi konkret iş üzrə qiymətləndirilməlidir. Əks halda, elə bir vəziyyət yarana bilər ki, hər kəs kredit götürdükdən sonra “mən götürməmişəm” deyərək məsuliyyətdən yayınmağa çalışsın. Bu isə bank sisteminin normal fəaliyyətinə mənfi təsir göstərə bilər. Buna görə də bankın verdiyi vəsaiti geri tələb etmək hüququ da nəzərə alınmalıdır”.

Ekspert qeyd edib ki, Ali Məhkəmənin bu məsələdə mövqeyində qeyri-adi məqam yoxdur:

“Bu, mövcud məhkəmə təcrübəsinə və qanunvericiliyə uyğun yanaşmadır. Əsas məqsəd bütün tərəflərin maraqlarının balanslaşdırılması, hər bir tərəfin məsuliyyətinin düzgün müəyyən edilməsi və konkret iş üzrə obyektiv qərarın qəbul olunmasıdır. Ali Məhkəmənin konkret bu məsələ ilə bağlı kifayət qədər obyektiv və balanslı mövqe ortaya qoyub”.

Ləman İmran
Globalinfo.az

Paylaş: