qalib bayramov

“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.

Prokuror təqsirləndirilən Qalib Bayramova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, 5 il sınaq müddəti seçilməklə, cəzasının şərti hesab olunmasını təklif etmişdi.

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılıb.

Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

“İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Paylaş: