“ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya son səfəri zamanı Kiyevə Rusiya ilə sülh sazişi haqda əvvəl müzakirə olunan şərtlərdən daha ağır tələblər irəli sürülüb”.
Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın deputatı Anna Skoroxod deyib.
“Bu, nəinki irəliləyiş olmadı, onlar əvvəl əlimizdə olan şərtlərdən daha pis şərtlərlə gəldilər”, – deputat deyib.
Onun sözlərinə görə, əvvəlcə Kiyevdən itirilmiş ərazilərin Rusiya ərazisi kimi tanınması və Ukrayna Konstitusiyasına dəyişiklik edilməsi tələb olunmurdu, lakin indi belə bir tələb irəli sürülüb.
“Bundan başqa, açıqlamaq istəmədiyim bir sıra nüanslar da var. Çünki bu məlumatı qeyri-rəsmi mənbədən əldə etmişəm”, – Skoroxod əlavə edib.
Qeyd edək ki, sentyabrın 6-da Ukraynanın paytaxtında prezident Volodimir Zelenski ilə ABŞ prezidentinin xüsusi nümayəndələri arasında danışıqlar keçirilib. Görüşün ardından tərəflər birgə mətbuat konfransı da keçiriblər. Kuşner bildirib ki, ABŞ administrasiyası Moskva ilə Kiyev arasındakı münaqişənin nizamlanması üçün “sülh paketi”nin hazırlanması üzərində çalışır.
Zelenski isə öz növbəsində Ukrayna qoşunlarının Donbasdan çıxarılmasına qarşı olduğunu bir daha açıqlayıb.
Bundan əvvəl Uitkoff Ukrayna ilə bağlı danışıqlarda “əhəmiyyətli irəliləyişlər” əldə edildiyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az