Şahbuz rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, yaralılar saat 21:00 radələrində xəstəxanaya yerləşdirilib: “Xəstəxanaya 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir”.
Qeyd edək ki, dağlıq ərazidə hərəkətdə olan “Toyota Prado” markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***23:50
Naxçıvanda dəhşətli qəza nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Şahbuz rayonu Gömür kəndi ərazisində baş verib.
Qəza zamanı dağlıq ərazidə hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin aşması nəticəsində Şərur rayonu Oğlanqala kənd sakinləri 1975-ci il təvəllüdlü Abdullayev Nazim Əyyub oğlu, onun qızı 2017-ci il təvəllüdlü Abdullayeva Firuzə Nazim qızı və 2006-cı il təvəllüdlü Şıxəliyev Pərvin Vüsal oğlu ölüb.
Hadisə nəticəsində 2025-ci il təvəllüdlü Şıxəliyeva Validə Elvin qızı, 2025-ci il təvəllüdlü Abdullayev Rəhman Sərraf oğlu, 2004-cü il təvəllüdlü İsmayılova Nəzrin Nazim qızı, 2025-ci təvəllüdlü İsmayılov Uğur İslam oğlu, 1985-ci təvəllüdlü Abdullayev Sərraf Rəhim oğlu, 2010-cu il təvəllüdlü Abdullayeva Ceyran Sərraf qızı, 2016-cı il təvəllüdlü Şıxəliyeva Fatimə Vüsal qızı, 1983-cü il təvəllüdlü Abdullayeva Vüsalə İsax qızı və 2014-cü il təvəllüdlü Şıxəliyev Gündüz Elvin oğlu xəsarət alıblar.
Xəsarət alan və dünyasını dəyişənlər polis əməkdaşları tərəfindən qəza zonasından çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.