tebriz 900x565 1

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp İranla bağlı son açıqlamalarında Tehrana qarşı mövqelərinin dəyişmədiyini nümayiş etdiriblər. Netanyahu İran hakimiyyətinin dəyişdirilməsini İsrailin əsas məqsədi kimi göstərib və bunun artıq əlçatan olduğunu bildirib. Tramp isə ABŞ-ın İranla qarşıdurmada qalib gələcəyini, hətta qələbənin artıq əldə olunduğunu iddia edib.

Hər iki lider İranın zəiflədiyini vurğulasa da, onların açıqlamalarında Tehran qarşısında hərbi və siyasi təzyiqin davam etdiriləcəyi mesajı önə çıxır.

ABŞ və İsrailin İranla bağlı planı nədir? Onlar hansı qüvvəni hakimiyyətə gətirmək istəyir?

Globalinfo.az-a danışan sabiq diplomat, Azərbaycanın Tehrandakı keçmiş səfiri Nəsib Nəsibli deyib ki, son zamanlar ABŞ-la İsrailin İrana raket zərbələrinin və Tehranın bu zərbələrə cavabının şahidi oluruq:

“Amma son həftələrdə Prezident Donald Trampın da dediyi kimi, Vaşinqton yeni taktikaya əl atıb. Bu, böyük ehtimalla İranı iqtisadi cəhətdən boğmaq taktikasıdır. Əslində, bu, məntiqli taktikadır. Çünki hərbi əməliyyatlar, hücumlar nə qədər İrana iqtisadi zərbə vursa da, reallıq ondan ibarətdir ki, daxili ayaqlanma rejimə qarşı etirazların başlanmasına gətirib çıxarmadı. Əslində, bunun olmayacağı da bəlli idi. Hesab edirəm ki, İsrail və ABŞ bunu artıq anlayıblar. Ona görə də taktikanı dəyişmək qərarına gəliblər.

nesib nesibli 900x506 1
Nəsib Nəsibli 

İqtisadi cəhətdən İranı gücdən salmaq, zəiflətmək konkret hədəf deyil. Bu, üzdə görünən məqsəddir. Lakin əsas hədəf daxili narazılığı artırmaqdır. Məncə, İran hakimiyyəti üçün bu, daha real təhlükədir. Əslində, bunu İran tərəfi də etiraf edir. Tehran rəsmiləri deyir ki, biz müharibəni qazansaq belə, bunun yaratdığı iqtisadi fəsadları asanlıqla aradan qaldıra bilməyəcəyik.

O ki qaldı İranda mövcud rejimə kimin, ya hansı qüvvənin alternativ olacağına, bu, bir az vəziyyətdən asılı olacaq. Məsələ ondadır ki, hazırda əsas alternativ qüvvələr İran xaricindədir. Misal üçün, biz daha çox sonuncu İran şahının oğlunun və tərəfdarlarının aktivləşməsinin şahidi oluruq. Lakin İran çox qəribə ölkədir. Vəziyyətdən asılı olaraq burada yeni, tamam fərqli qüvvə ortaya çıxa bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: