Kamçatkada Tolbaçik vulkanının ərazisində çarəsiz vəziyyətdə qalan turistlərlə bağlı tədbir görülüb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə turistlər arasında olan Azərbaycan vətəndaşı Tatyana Dolivets öz “Instagram” hesabında paylaşım edib.
“Hər kəsə dəstək üçün təşəkkür edirəm. Biz isti şəraitdəyik, bizim isinə biləcəyimiz evimiz, isti yataqlar və çadırlarımız var.
Axşam üçün bizə digər düşərgədən yemək verdilər”, – deyə o paylaşımda yazıb.
***13:55
Rusiyanın Kamçatka diyarında turistlər güclü yağışların yaratdığı daşqın səbəbindən çətin vəziyyətdə qalıblar. Onların arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Tatyana Dolivets sosial şəbəkədə paylaşdığı müraciətdə hazırda Tolbaçik vulkanı ərazisində, “Kleşnya” adlı turist dayanacağında olduqlarını bildirib.
Onun sözlərinə görə, çayın məcrasından çıxması nəticəsində təxminən 30 kilometrlik geri dönüş yolunun bir hissəsi yuyulub və ərazini avtomobillə tərk etmək mümkün deyil.
“16 nəfərlik qrupdayıq. “Ural” markalı avtomobildəyik. Bizdən başqa burada böyük ərazidən təcrid olunmuş təxminən 100 nəfər var. Ərzağımız cəmi bir günlükdür”, – deyə Azərbaycan vətəndaşı müraciətində bildirib.
Dolivets qeyd edib ki, ərazidə Rusiya ilə yanaşı Çin, Belarus və İsrail vətəndaşları da var. O, internet bağlantısının olmadığını, müraciəti göndərmək üçün xüsusi olaraq rabitənin olduğu yeganə nöqtəyə getdiklərini deyib.
Azərbaycan vətəndaşı Rusiya Fövqəladə Hallar Nazirliyinin mümkün qədər tez əraziyə müdaxilə etməsi üçün kömək istəyərək Azərbaycanın aidiyyəti qurumlarının, səfirliyin və digər strukturların məsələyə qoşulmasına çağırış edib.