Rusiya Federasiyasının Kamçatka yarımadasında Tolbaçik vulkanına səyahət edən Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivetsin daxil olduğu müxtəlif ölkələrin vətəndaşlarından ibarət turist qrupunun əlverişsiz hava şəraiti nəticəsində çətin vəziyyətlə üzləşdiyi barədə məlumat daxil olan kimi, Rusiya Federasiyasındakı Səfirliyimiz və Yekaterinburqdakı Baş Konsulluğumuz tərəfindən yerli aidiyyəti qurumlarla əlaqə yaradılıb.
Globalinfo.az bildirir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat verilib.
Bildirilib ki, eyni zamanda, Kamçatkada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə əlaqə saxlanılıb və vəziyyətin operativ şəkildə öyrənilməsi və zəruri tədbirlərin əlaqələndirilməsi istiqamətində iş aparılır:
“Tatyana Dolivetsin sosial media hesabında yaydığı məlumata əsasən, turist qrupu Kamçatkanın Tolbaçik vulkanı istiqamətində səyahət edərkən onların hərəkət etdiyi yol güclü yağışlar və çayın məcrasından çıxması nəticəsində sel suları altında qalıb. Təxminən 30 kilometrlik yolun yuyulması səbəbindən qrupun geri qayıtması hazırda mümkün deyil.
Qeyd edək ki, hazırda Kamçatka diayırının aidiyyəti dövlət qurumları turist qrupu ilə peyk rabitəsi vasitəsilə əlaqə saxlayır və vəziyyət nəzarətə götürüb.
Son günlər bölgədə müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən turistlərin təxliyəsi məqsədilə hava nəqliyyatından, o cümlədən helikopterdən istifadə imkanları məhdudlaşıb.
Bununla belə, qrupla əlaqənin saxlanılması, onların vəziyyəti barədə mütəmadi məlumat əldə edilməsi və hava şəraiti imkan verən kimi təhlükəsiz ərazidən təxliyələrinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.
Azərbaycan Respublikasının Səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu məsələni diqqətdə saxlayır və Rusiya Federasiyasının aidiyyəti qurumları, habelə Kamçatkadakı Azərbaycan icması ilə əlaqələndirilmiş şəkildə vəziyyəti yaxından izləyir”.
X X X
“Təbii parkı tərk edə bilməyən turistlər qida məhsulları ilə təmin ediliblər və təhlükəsizlikdədirlər”.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bunu Kamçatka Turizm Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Yelena Lassal deyib.
Onun sözlərinə görə, “Kamçatka vulkanları” təbii parkında, zərurət olarsa, hazırda orada olan bütün turistləri təmin etmək üçün kifayət qədər qida məhsulları mövcuddur.
Xüsusilə “Kamçatkanın vizyonu” şirkətindən iki qrup haqqında məlumat təsdiqlənib.
“Turistlər soba ilə qızdırılan çadırlarda yerləşdirilib, qida ilə təmin ediliblər, onlar üçün duş da daxil olmaqla, zəruri yaşayış şəraiti təşkil olunub. İnsanlar isti, rahat şəraitdədirlər”, – deyə Yelena Lassal qeyd edib.
Hazırda alternativ keçidin təşkili imkanı araşdırılır. Günün qaranlıq vaxtında zəruri işlərin aparılması və insanların aviasiya ilə təxliyəsi məhduddur, ona görə də keçidin bərpası üzrə əsas işlərin səhər saatlarında başlaması planlaşdırılır.
***15:20
Kamçatkada Tolbaçik vulkanının ərazisində çarəsiz vəziyyətdə qalan turistlərlə bağlı tədbir görülüb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə turistlər arasında olan Azərbaycan vətəndaşı Tatyana Dolivets öz “Instagram” hesabında paylaşım edib.
“Hər kəsə dəstək üçün təşəkkür edirəm. Biz isti şəraitdəyik, bizim isinə biləcəyimiz evimiz, isti yataqlar və çadırlarımız var.
Axşam üçün bizə digər düşərgədən yemək verdilər”, – deyə o paylaşımda yazıb.
***13:55
Rusiyanın Kamçatka diyarında turistlər güclü yağışların yaratdığı daşqın səbəbindən çətin vəziyyətdə qalıblar. Onların arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Tatyana Dolivets sosial şəbəkədə paylaşdığı müraciətdə hazırda Tolbaçik vulkanı ərazisində, “Kleşnya” adlı turist dayanacağında olduqlarını bildirib.
Onun sözlərinə görə, çayın məcrasından çıxması nəticəsində təxminən 30 kilometrlik geri dönüş yolunun bir hissəsi yuyulub və ərazini avtomobillə tərk etmək mümkün deyil.
“16 nəfərlik qrupdayıq. “Ural” markalı avtomobildəyik. Bizdən başqa burada böyük ərazidən təcrid olunmuş təxminən 100 nəfər var. Ərzağımız cəmi bir günlükdür”, – deyə Azərbaycan vətəndaşı müraciətində bildirib.
Dolivets qeyd edib ki, ərazidə Rusiya ilə yanaşı Çin, Belarus və İsrail vətəndaşları da var. O, internet bağlantısının olmadığını, müraciəti göndərmək üçün xüsusi olaraq rabitənin olduğu yeganə nöqtəyə getdiklərini deyib.
Azərbaycan vətəndaşı Rusiya Fövqəladə Hallar Nazirliyinin mümkün qədər tez əraziyə müdaxilə etməsi üçün kömək istəyərək Azərbaycanın aidiyyəti qurumlarının, səfirliyin və digər strukturların məsələyə qoşulmasına çağırış edib.