lacin 11111 222

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonunda yağan intensiv yağışlar Zəyəm çayında güclü daşqına səbəb olub. Çayın Tovuz rayonu ərazisindən keçən hissəsində sel suları ilə birlikdə çay yatağına atılmış məişət tullantılarının da üzə çıxması ciddi narahatlıq yaradıb. Hadisə bölgələrdə məişət tullantılarının toplanması, daşınması və emalı ilə bağlı mövcud problemləri yenidən gündəmə gətirib.

Bölgələrdə tullantıların təkrar emalı müəssisələrinin yaradılması nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov deyib ki, görünür, yağıntıların normadan artıq olması nəticəsində çaylarda daşqın baş verib:

“Burada müxtəlif yerlər ola bilər: ya çayın məcrasında, küçə kənarında, yaxud həmin ərazidəki kəndlərin sakinlərinin atdığı məişət tullantıları. Ola bilər ki, çayın məcrasından keçən su bu tullantıları daşıyaraq axarlara aparıb. Və yaxud da hansısa zibil poliqonunun yanından və ya ortasından keçərək oradakı məişət tullantılarını daşıyıb. Ümumiyyətlə, Bakıda bu proses müəyyən qədər tənzimlənib, amma rayonlarda hələ tam nəzarətə götürülməyib. Orada da buna yerli icra orqanları cavabdehdir. Yerli icra hakimiyyəti orqanlarının bəzilərində resurslar məhduddur. Məsələn, tullantı daşıyan avtomobillərin sayı və yaxud tullantıların idarə olunması ilə bağlı konteynerlərin yerləşdirilməsi məsələsində müəyyən problemlər var”.

Amin Məmmədov: Ermənistan ərazisində aparılan mədən fəaliyyəti barəsində Azərbaycanın razılığı alınmalıdır - AZƏRTAC

Amin Məmmədov

A.Məmmədov bildirib ki, mütləq şəkildə poliqonlar yaradılmalıdır:

“Həmin poliqonların yaxınlığında hansısa çay olarsa, çaydan mühafizə zolağı müəyyən edilməlidir. Tullantıların rayonlarda təkrar emalı və idarə olunması da müəyyən qədər investisiya tələb edir. Burada yerli icra orqanlarına dövlət büdcəsindən maliyyə ayrılmasa belə, bilirsiniz ki, təkrar emal, əslində, özəl sektorun da maraq dairəsində olan bir sahədir. Buna görə də yerli icra hakimiyyəti orqanları yerli səviyyədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlıq qura bilərlər. Sahibkarlar bu işə investisiya qoyaraq təkrar emal sahəsində məsuliyyət götürə bilərlər.

Sadəcə, bununla bağlı qanunvericilikdə də müəyyən boşluqlar var. Milli Məclis üzvləri də bu qanuna yenidən baxıb müəyyən yeniliklər və əlavə dəyişikliklər etsələr, bunun hansı formada qanunvericilikdə tənzimlənə biləcəyini müəyyənləşdirmək olar. Bu da sahibkarları həmin sahədə fəal olmağa motivasiya edə bilər”.

Amin Məmmədov deyib ki, sözügedən sistemin qurulmasına nə qədər investisiya tələb olunduğunu demək çətindir:

“Bunun üçün hər bir rayonun və şəhərin əhalisini, adambaşına gündəlik formalaşdırılan məişət tullantısının miqdarını – neçə qram və ya neçə kiloqram olduğunu hesablamaq, orta göstəricini müəyyənləşdirmək lazımdır. Ölkə miqyasında götürdükdə, söhbət bəlkə də on milyonlarla vəsaitdən gedir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: