“Krım Qarabağ kimi azad olacaq. Ukrayna mütləq qələbə qazanacaq və ədaləti bərpa edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “Bengü Türk” telekanalına müsahibəsində deyib.
Cəlal qeyd edib ki, Ukrayna şəhərlərinin mütəmadi atəşə tutulmasına baxmayaraq, Kiyev nəzarətini itirdiyi əraziləri geri qaytarmaq niyyətində israrlıdır. O, Krım ətrafındakı vəziyyəti Qarabağın azad edilməsi ilə müqayisə edərək, beynəlxalq ictimaiyyətin və müttəfiqlərin dəstəyi ilə Ukraynanın qələbə qazanacağına və ədalətin bərpa olunacağına əminliyini bildirib.
Səfir müsahibəsində “Krımdakı siyasi repressiyalar” məsələsinə də toxunub. Onun sözlərinə görə, yarımadada 300-dən çox siyasi məhbus var və onların 169-u Krım tatarlarıdır.
Diplomat son bir ayını keçirdiyi Kiyevdəki vəziyyətdən də danışıb. Onun sözlərinə görə, Rusiya ordusu enerji infrastrukturuna raket və PUA-larla mütəmadi zərbələr endirir. Yalnız iyul ayında Ukraynada 437 dinc sakin həlak olub, 2,5 mindən çox insan yaralanıb.
Cəlal Rusiyanın hərbi gəmiləri üçün Qara dəniz boğazlarını bağladığına və Türkiyənin müdafiə sənayesi müəssisələrinin Ukraynaya göstərdiyi dəstəyə görə Ankaraya təşəkkür edib. O, həmçinin Rusiya əsirliyindən azad edilməsinə göstərdiyi köməyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını dilə gətirib.
Səfirin fikrincə, Moskvanın ambisiyaları Ukrayna ilə məhdudlaşmır. O hesab edir ki, lazımi müqavimət göstərilmədiyi təqdirdə, Rusiyanın siyasəti Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün birbaşa təhlükə yarada bilər.
Əliyar Xəlil