Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda mikroavtobusun aşması nəticəsində 7 nəfər ölüb, 1-i ağır olmaqla 9 nəfər yaralanıb.
Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Lice-Kulp avtomobil yolunun Karahasan məhəlləsi ərazisində baş verib.
Məlumata görə, mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Hadisə yerinə Təcili Tibbi Yardım, yanğınsöndürənlər və jandarma əməkdaşları cəlb olunub. Qəza zamanı ilkin olaraq 2 nəfərin öldüyü bildirilib. Daha sonra xəstəxanaya çatdırılan yaralılardan əvvəl 3, ardınca isə daha 2 nəfər həyatını itirib. Beləliklə, qəza nəticəsində ölənlərin sayı 7-yə yüksəlib.
Hazırda 1-i ağır olmaqla 9 yaralının müalicəsi davam edir.
Məlumata görə, mikroavtobusdakı sərnişinlər Diyarbəkirdən Muşa nişan mərasimində iştirak etmək üçün gedirmiş.

Aysel Əliyeva
Globalinfo.az