“Ukraynanın Rusiya ilə Çin arasındakı münasibətlərə təsir etmək üçün heç bir imkanı yoxdur və olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.
O, bu sözləri Ukrayna lideri Volodimir Zelenskinin Moskva ilə Pekin arasında yaxınlaşmanın qarşısını almaq istəyi ilə bağlı açıqlamasına cavab olaraq bildirib.
“Əlbəttə, inanmaq istərdik ki, bu cür vəzifə həmin şəxsə ayıq vəziyyətdə verilib, sərxoş halda yox. Çünki onun dilində bu, Yerin Marsa yaxınlaşdırılması kimi səslənir”, – deyə Qriqori Karasin qeyd edib.
Senator əlavə edib ki, bu cür fikirlər özünü çox ağıllı hesab edən, amma əslində kifayət qədər təhsili olmayan insanın düşüncələrini xatırladır.
Qeyd edək ki, daha əvvəl Zelenski diplomatlara Çinlə münasibətləri inkişaf etdirmək tapşırığı verdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu addım Çinin Rusiya ilə əlaqələrinin daha da dərinləşməsinin qarşısını ala bilər.
Əliyar Xəlil
Globalinfo.az