iphone17 iphone

Azərbaycanda “Ayfon 17 Pro” (256 GB) modelinin qiyməti dünyanın bir çox ölkəsi ilə müqayisədə xeyli yüksəkdir. Araşdırmaya əsasən, cihaz Azərbaycanda təxminən 1 875 ABŞ dollarına satılır, ABŞ-da isə 1 181 dollara təklif olunur. Bu da qiymətin Azərbaycanda təxminən 59 faiz daha yüksək olduğunu göstərir.

Məlumata görə, “Ayfon 17 Pro”nun ən baha satıldığı ölkə Türkiyədir ki, burada cihazın qiyməti 2 592 ABŞ dollarına çatır.

Azərbaycanda qiymətlərin bu qədər baha olmasının əsas səbəbi nədir?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri mobil telefonlara tətbiq olunan vergi və rüsumlardır:

“Telefonların ölkəyə idxalı zamanı 15 faiz gömrük rüsumu və 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir. Bu vergilər ardıcıl qaydada hesablandığı üçün ümumi vergi yükü təxminən 35-36 faizə çatır. Bununla yanaşı, IMEI qeydiyyatı və digər idxal-xidmət xərcləri də son satış qiymətinə əlavə olunur. Nəticədə bütün bu xərclər telefonların Azərbaycanda daha baha satılmasına səbəb olur”.

natiq ceferli real 2
Natiq Cəfərli 

İqtisadçı bildirib ki, Azərbaycan mobil telefon istehsal edən ölkə olmasa da, idxal olunan hər bir telefondan vergi və rüsumlar hesabına əhəmiyyətli gəlir əldə edir:

“Bu baxımdan, bazarda qiymətlərin yüksək olmasının əsas səbəbi məhz vergi yükü, gömrük rüsumları və qeydiyyat xərcləridir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: