Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan qayıdarkən Polşaya səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın dövlət televiziya kanalı “TVP Info” məlumat yayıb.
Məlumata görə, Zelenski Lyublin şəhərində Polşanın Baş naziri Donald Tuskla görüş keçirəcək. Bu, Kiyev və Varşava arasında münasibətlərin gərginləşməsindən sonra Zelenskinin Polşaya ilk səfəridir. Gərginliyə səbəb Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrindən birinə “UPA Qəhrəmanları” fəxri adının verilməsi olub.
Xatırladaq ki, mayın sonunda Zelenski həmin fərmanı imzalayıb. Qərar Polşada kəskin etirazla qarşılanıb. Rəsmi Varşava Ukrayna Üsyançı Ordusunu (UPA) 1943–1945-ci illərdə baş vermiş Volın faciəsinə görə məsul hesab edir və bu hadisələri polyak əhaliyə qarşı soyqırımı kimi qiymətləndirir.
Tarixi yaddaş və UPA-nın roluna dair fikir ayrılıqları fonunda Polşa Prezidenti Karol Navrotski Zelenskini Ağ Qartal ordenindən məhrum edib. Daha sonra Ukraynanın sabiq prezidentləri də bu mükafatdan imtina etdiklərini açıqlayıblar.
Əliyar Xəlil