tramp

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun tələbinə rəğmən, Türkiyəyə F-35-lərin verilməsi haqda qərarını açıqlayıb.

Pərdəarxasında nələr yaşanır? Vaşinqton İsraili Türkiyə ilə münasibətlərə qurban verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, Tramp administrasiyası İsrailin regional təhlükəsizlik prioritetlərini ABŞ-nin Türkiyə ilə bağlı daha geniş geosiyasi maraqlarına tabe etdirməyə başlayır:

“Bu isə “Vaşinqton İsraili Türkiyəyə qurban verir” ifadəsi ilə fərqlidir. Çünki F-35 məsələsi əslində yalnız bir neçə döyüş təyyarəsinin satışı məsələsi deyil. Bu, ABŞ-nin Yaxın Şərqdə hansı dövlətin hərbi gücünün nə qədər yüksəlməsinə icazə verəcəyinə dair strateji qərardır.

Netanyahunun narahatlığının mahiyyəti də məhz budur. İsrail uzun illərdir ki, regionda hava üstünlüyünün mütləq və ya mümkün qədər böyük hissəsini öz əlində saxlamağa çalışır. Türkiyənin F-35 kimi beşinci nəsil, radarların işini çətinləşdirən döyüş təyyarələrinə çıxış əldə etməsi isə regiondakı hərbi balansı dəyişdirə bilər. Əlbəttə ki, ABŞ-nin F-35 proqramına Türkiyəni yenidən qaytarması İsrailin regional hərbi üstünlüyünün toxunulmazlığı prinsipinə müəyyən dərəcədə meydan oxuyacaq. İsrail məhz buna görə Vaşinqtona müəyyən dərəcədə etiraz edir.

Lakin qeyd etmək lazımdır ki, Trampın hesab-kitabı tamamilə başqa məqsəd güdür. Ən əsas səbəblərdən biri budur ki, Türkiyə artıq ABŞ üçün sadəcə NATO müttəfiqi deyil. Belə ki, Vaşinqton Ankaraya əvvəlki dövrlərdəki kimi yalnız NATO ölkəsi prizmasından baxmır. Türkiyə hazırda Qara dəniz, Qafqaz, Balkanlar, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və hətta Ukrayna-Rusiya xəttinin kəsişdiyi məkanda yerləşən geosiyasi qovşaqdır. ABŞ-nin Türkiyə ilə münasibətlərinin strateji çəkisi məhz bu səbəbdən artır. Atlantik Şurasının (Atlantic Council) 2026-cı il analizlərində də ABŞ və Türkiyənin NATO daxilində ən böyük iki hərbi strukturdan birinə sahib olduğu və Ankaranın coğrafiyası, müdafiə sənayesi və regional əlaqələri səbəbi ilə strateji çəkisinin artdığı vurğulanır.

Tramp üçün burada çox sadə məntiq var ki, İsrail ABŞ-nin çox yaxın və mühüm müttəfiqidir, amma Türkiyə ABŞ-nin Avrasiya və Yaxın Şərq strategiyasının coğrafi açarıdır. Bu iki amili eyni hal hesab etmək olmaz.

İkinci əsas səbəblərdən biri budur ki, Tramp Türkiyəni Rusiyadan uzaqlaşdırmaq istəyir. Məhz F-35 məsələsinin də ən dərin qatlarından biri S-400-dür.

Tamilla

Tamilla Qulami

Çünki xatırlayaq ki, 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 alması Vaşinqtonun Ankara ilə hərbi-texniki münasibətlərində ciddi böhran yaratdı. ABŞ Türkiyəni F-35 proqramından çıxardı, daha sonra “ABŞ-nin Rəqiblərinə Sanksiyalar Vasitəsilə Mübarizə Qanunu”na əsasən (CAATSA) sanksiyalar tətbiq edildi. Pentaqonun həmin dövrdəki mövqeyi “Türkiyə S-400 və F-35-i eyni vaxtda əldə edə bilməz” idi.

İndi isə görünən budur ki, Tramp həmin mövqeyin əks istiqamətində hərəkət edir. Hazırkı mövqeyi əslində Ankara qarşısında böyük bir strateji təklif kimi dəyərləndirmək olar. Vaşinqton Türkiyəni yenidən Qərb hərbi sisteminin mərkəzinə qaytarmaq istəyir və bu da F-35-dən daha böyük bir məsələdir.

Çünki Türkiyənin Qərb müdafiə sisteminə texnoloji inteqrasiyasının dərinləşməsi ABŞ üçün Ankaranın Rusiya ilə strateji yaxınlaşmasının qarşısını almağın vasitələrindən biridir”.

Ekspert deyib ki, Türkiyəni F-35-dən uzaqlaşdırmaq Ankaranı Rusiyaya, Çinə və alternativ silah sistemlərinə daha çox yaxınlaşdıra bilər, Türkiyəni Qərb sistemində saxlamaq isə ABŞ üçün daha sərfəlidir:

“Digər əsas səbəb isə Suriya məsələsidir deyə düşünürəm. Çünki burada İsrail-Türkiyə rəqabətinin ən təhlükəli hissəsi başlayır. ABŞ-nin əsas məqsədlərindən biri Suriyanın tamamilə İranın, Rusiyanın və digər regional aktorların təsir zonasına çevrilməsinin qarşısını almaqdır. Türkiyə isə Suriyada hərbi, siyasi və təhlükəsizlik baxımından son dərəcə böyük təsir imkanlarına malikdir. İsrail də Suriyanı öz milli təhlükəsizliyinin birbaşa uzantısı kimi görür.

Beləliklə, Vaşinqtonun qarşısında belə bir paradoks yaranır ki, İsrail Suriyada Türkiyənin güclənməsini təhlükə kimi görür, ABŞ isə Türkiyənin Suriyada gücünü müəyyən mənada regional nizamın idarə olunması üçün istifadə edə bilər.

Deməli, Vaşinqtonla Tel-Əvivin təhlükəsizlik xəritələri artıq tam üst-üstə düşmür. Buna baxmayaraq, Vaşinqtonun indiki təklifi və yanaşması yenə də ABŞ-nin Yaxın Şərqdəki maraqlarına uyğundur. Onsuz da İsrail bütün hallarda Yaxın Şərqdə ABŞ-nin forpostudur və atacağı bütün addımlar həm də İsrailin zərər görməməsi üçün hesablanıb.

Bir başqa səbəb kimi də düşünürəm ki, Tramp dünyaya öz təbiri ilə “ABŞ siyasətini heç bir ölkə müəyyən etmir, hətta bu, dost olsa belə” mesajını verir.

Əlbəttə ki, Tramp-Ərdoğan münasibətlərini, şəxsi diplomatiyanı dəyərləndirmədən keçmək olmaz. Tramp Ərdoğanla münasibətlərini hər zaman digər ABŞ prezidentlərindən fərqli qurmağa çalışıb. O, Ərdoğanı güclü lider kimi qəbul edir və onunla birbaşa danışmağın mümkün olduğuna inanır. Trampın iyulun əvvəlində Ərdoğan haqqında danışarkən Türkiyənin ABŞ üçün çox mühüm tərəfdaş olduğunu və regional məsələlərdə Ankaranın ona kömək etdiyini vurğulaması təsadüfi deyil. Hətta bu barədə Netanyahu belə Trampla görüş zamanı açıq ifadə etmişdi.

Tramp xüsusilə də Türkiyənin İran böhranı və Suriya kimi məsələlərdə oynadığı rolu dəfələrlə ön plana çəkib. Bunu Vaşinqtonun Ankaraya münasibətində ciddi dəyişiklik kimi qəbul etmək olar. Əgər ABŞ Türkiyəni yalnız “problem yaradan NATO müttəfiqi” kimi görsəydi, F-35 qapısını yenidən açmağa çalışmazdı.

İndi isə əksinə, Tramp Türkiyəni yenidən ABŞ-nin regional strategiyasına daxil etmək istəyir.

Ona görə də F-35-i həm də ABŞ-nin iqtisadi və sənaye aləti kimi dəyərləndirmək olar. Ona görə də bir əsas məqamı unutmayaq. F-35 yalnız hərbi texnologiya deyil, ABŞ-nin nəhəng müdafiə sənayesi sisteminin bir hissəsidir.

Türkiyə əvvəldən F-35 proqramının istehsal zəncirində iştirak etmişdi. Buna görə Ankaranın proqramdan çıxarılması həm Türkiyəyə, həm də müəyyən ABŞ və NATO müdafiə sənayesi zəncirlərinə təsir etmişdi”.

Qulaminin sözlərinə görə, Trampın siyasətində isə müdafiə satışları çox vaxt həm geosiyasi, həm də kommersiya aləti kimi istifadə olunur:

“Yəni Vaşinqton üçün məntiq budur ki, Türkiyəyə F-35 satım, ABŞ texnologiyasına bağlayım, ABŞ müdafiə sənayesinə sifariş yaradım, Ankaranı Qərb hərbi sisteminə daha möhkəm bağlayım.

Bu baxımdan F-35-i Türkiyəyə verilən “hədiyyə” kimi yox, ABŞ-nin strateji investisiyası kimi analiz etmək olar.

Bəs İsrail həqiqətən “qurban” verilirmi?

Mən buna tam olaraq, “qurban vermək” deməzdim. Çünki ABŞ-İsrail ittifaqının fundamental strukturu hələ də dəyişməyib, yaxın onilliklərdə də dəyişəcəyini düşünmürəm. Əksinə, Trampın İsrail haqqında son açıqlamalarında ABŞ-nin İsrail üçün həyati əhəmiyyət daşıdığını vurğulaması göstərir ki, Vaşinqton Tel-Əvivdən strateji şəkildə uzaqlaşmaq niyyətində deyil.

Fikrimcə, ABŞ-Türkiyə yaxınlaşmasının arxasında daha geniş bir razılaşma ehtimalı dayanır. Bu razılaşma paketinə ola bilsin ki, Türkiyənin F-35 proqramına qayıdışı, S-400 probleminin hansısa formul ilə yumşaldılması, CAATSA sanksiyalarının aradan qaldırılması, Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi əməkdaşlığının yenidən genişləndirilməsi, Suriyada Ankara-Vaşinqton koordinasiyasının artırılması, İran məsələsində Türkiyənin vasitəçilik potensialından istifadə, Qəzza sonrası regional təhlükəsizlik mexanizmlərində Türkiyəyə daha böyük rol verilməsi, NATO daxilində Türkiyənin daha aktiv strateji rolunun təmin edilməsi daxildir.

Bunların hamısını bir yerdə götürəndə F-35 məsələsi artıq təyyarə satışı yox, ABŞ-Türkiyə münasibətlərinin yenidən strukturlaşdırılması kimi görünür.

“Reuters”in məlumatına görə, hətta müdafiə naziri Pit Heqsetin Netanyahu ilə görüşünün F-35 məsələsində yaranan gərginlik fonunda ləğv edilməsi barədə məlumat yayılmışdı. Bu da problemin Vaşinqtonda nə qədər ciddi qəbul edildiyini göstərir. Lakin burada Türkiyə üçün də mühüm xəbərdarlıq var ki, Ankara hələ F-35-ləri almış deyil.

Əsas hadisə ABŞ-nin Yaxın Şərq strategiyasında İsrailin təkbaşına regional təhlükəsizlik prioritetindən Türkiyə, Səudiyyə Ərəbistanı və digər güclərlə balanslaşdırılmış çoxqütblü modelə keçid cəhdidir. Tramp İsraildən əsla imtina etmir. Hər kəsə bəllidir ki, ABŞ-də prezidentlər əsas fiqur deyil, onların dərin dövlət strategiyası var. Sadəcə bu gün Tramp İsraili yeganə regional strateji dayağa çevirmək istəmir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: