putin pasinyan 876 900x600 1

Ermənistan Rusiyaya görə çətin vəziyyətə düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri, ictimai xadim David Ananyan məlumat yayıb.

O bildirib ki, Dünya Bankının Ermənistan iqtisadiyyatı ilə bağlı iyul hesabatı artıq formalaşmaqda olan təhlükəli tendensiyalar barədə xəbərdarlıq edir:

“2026-cı ilin may ayında iqtisadi aktivlik 11,7%, yanvar-may aylarında isə 8% artıb. Lakin eyni dövrdə ixrac 3,7% azalıb, idxal 2,2% artıb, ticarət kəsiri isə illik proqnozlaşdırılan ÜDM-in təxminən 7%-nə çatıb. Təkcə may ayında Rusiyaya ixrac 15% azalıb.

İyun ayında inflyasiya 5,1%-ə, ərzaq məhsullarında isə 8,6%-ə yüksəlib. Dövlət büdcəsində ilk baxışda müsbət görünən 0,8%-lik profisit isə əsasən kapital xərclərinin 54,5% azaldılması və müdafiə xərclərinin dayandırılması hesabına formalaşıb.

Dünya Bankı Rusiyada baş verən siyasi proseslərdən qaynaqlanan riskləri ayrıca vurğulayır. Turistlərin 40%-i, may ayında ölkəyə daxil olan xalis pul köçürmələrinin isə 61%-i Rusiyanın payına düşür. Bu amillər dramın məzənnəsini möhkəmləndirib, bank sektorunda likvidliyi artırıb və daxili tələbi dəstəkləyib.

Bu o deməkdir ki, Rusiyadan asılılıq artıq yalnız xarici ticarət məsələsi deyil. Bu asılılıq eyni zamanda ixracı, pul köçürmələrini, turizmi, daxili istehlakı, valyuta məzənnəsini və enerji təhlükəsizliyini də əhatə edir”.

David Ananyan qeyd edib ki, may-iyun aylarında Rusiya Ermənistanın kənd təsərrüfatı məhsulları, gül, balıq məhsulları, mineral su və alkoqollu içkilərinin öz bazarına girişini məhdudlaşdırıb:

“Dünya Bankı xəbərdarlıq edir ki, bu məhdudiyyətlər qüvvədə qalarsa və ya genişlənərsə, onların təsiri yalnız xarici ticarətlə məhdudlaşmayacaq, iqtisadi artıma, qiymətlərə və sosial vəziyyətə də ciddi zərbə vuracaq.

Bəs Ermənistan hakimiyyəti bu təhlükəyə nə ilə cavab verir? Nəqliyyat və gömrük xərclərinin dövlət tərəfindən kompensasiya olunması, həmçinin ixracın qısa müddətdə Avropa İttifaqı bazarına yönləndiriləcəyi ilə bağlı nikbin açıqlamalarla.

Avropa İttifaqının dəstəyi siyasi baxımdan əhəmiyyətli olsa da, iqtisadi miqyası məhduddur. Hakimiyyətin Rusiya bazarını qısa müddətdə Avropa bazarı ilə əvəz edə biləcəyinə dair gözləntiləri isə reallıqdan uzaqdır.

Avropa bazarı təkcə gömrük rüsumlarının ləğvi demək deyil. Bu bazar fərqli keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluq, sertifikatlaşdırma, məhsulun izlənilməsi, baha logistika, sabit tədarük, satış şəbəkələri, yeni qablaşdırma, marketinq və illərlə qurulan biznes əlaqələri tələb edir. Xüsusilə təzə kənd təsərrüfatı məhsullarını, gülləri və ya balıq məhsullarını hökumət qərarı və ya avropalı rəsmilərin bəyanatı ilə bir gündə başqa bazara yönləndirmək mümkün deyil”.

İctimai xadimin sözlərinə görə, problemin ən ağrılı tərəfi başqadır:

“Hakimiyyət Rusiya ilə siyasi münasibətləri addım-addım qarşıdurma səviyyəsinə çatdırdı, amma iqtisadiyyatı yenə də Rusiyadan çoxşaxəli asılı vəziyyətdə saxladı. Nə iqtisadi təhlükəsizlik yastıqları yaratdı, nə istehsalçıları hazırladı, nə də real alternativlər formalaşdırdı.

Bu səriştəsizliyin bədəlini indi istixana sahibləri, fermerlər, balıqçılıq təsərrüfatları, şərab istehsalçıları, ixracatçılar, istehlakçılar və vergi ödəyiciləri ödəməli olacaqlar. Üstəlik, hakimiyyət öz fəaliyyətsizliyinin nəticələrini indi dövlət büdcəsindən veriləcək kompensasiyalar hesabına ört-basdır etməyə çalışacaq.

Rusiya Ermənistanın iqtisadi asılılığını siyasi təzyiq alətinə çevirib. Ermənistan hakimiyyəti isə nə bu asılılığı idarə edib zəiflədə, nə də ona real alternativ yarada bildi. Nəticədə, geosiyasi improvisasiyalarının bütün yükünü ölkə iqtisadiyyatının və Ermənistan vətəndaşlarının üzərinə qoydu”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: