Azərbaycanda son illər gənclərin ailə qurma yaşı nəzərəçarpacaq dərəcədə artıb. Bir çoxları nikahı maddi vəziyyətini yaxşılaşdırdıqdan, mənzil sahibi olduqdan və ya karyerasında müəyyən mərhələyə çatdıqdan sonraya saxlayır. Digərləri isə sosial və psixoloji amilləri əsas gətirərək evlənməyə tələsmir.
Bu yanaşmalardan hansı daha əsaslıdır? Gənclərin ailə qurma yaşının artmasının əsas səbəbləri hansılardır?
Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, doğrudan da son illərdə gənclərin evlənmə yaşı nəzərəçarpacaq dərəcədə artıb. Onun sözlərinə görə, bunun bir neçə əsas səbəbi var:
“Birinci səbəb sosial-iqtisadi amillərlə bağlıdır. Xüsusilə Bakıda ailə qurmaq və onu maddi cəhətdən təmin etmək əvvəlki illərlə müqayisədə daha çətinləşib. Mənzil kirayəsi, yaşayış xərcləri və ümumi iqtisadi yük bir çox gəncin ailə qurmaq qərarını təxirə salmasına səbəb olur. Təbii ki, maddi vəziyyəti yaxşı olan və övladlarını erkən yaşda evləndirən ailələr də var. Lakin ümumi mənzərədə iqtisadi amil əsas təsiredici faktor olaraq qalır. Bu problemin həlli üçün iş yerlərinin artırılması, sahibkarlığın inkişafı, iqtisadi maneələrin aradan qaldırılması və əməkhaqlarının yüksəldilməsi kimi praktiki addımlar atılmalıdır”.
Sosioloqun sözlərinə görə, digər səbəb gənclərin həyata baxış tərzinin dəyişməsidir:
“Ailə əvvəlki kimi mütləq dəyər və müqəddəs institut kimi qəbul edilmir. Bəzi gənclər ailə qurmağa tələsmir, şəxsi həyatlarını fərqli formada qurmağa üstünlük verirlər. Bu yanaşma müəyyən mənada Qərb həyat tərzinin təsiri ilə də izah olunur. Digər səbəb isə karyera prioritetidir.
Mail Yaqub
Müasir dövrdə bir çox gənc əvvəlcə təhsilini başa vurmağa, peşəkar karyera qurmağa və maddi sabitlik əldə etməyə çalışır, yalnız bundan sonra ailə qurmağı düşünür. Sosioloq Anthony Giddensin də qeyd etdiyi kimi, müasir cəmiyyətdə ailə qurmaq artıq sosial borc kimi deyil, şəxsi seçim kimi qəbul olunur”.
Mail Yaqubun fikrincə, bu səbəblərdən iqtisadi problemləri maarifləndirmə və ya psixoloji təlimlərlə aradan qaldırmaq mümkün deyil:
“Onların həlli yalnız iqtisadi və sosial siyasət vasitəsilə mümkündür. Ancaq ailə institutunun əhəmiyyəti, ailə dəyərləri və valideyn olmağın məsuliyyəti barədə maarifləndirmə ikinci və üçüncü amillərin təsirini müəyyən qədər azalda bilər”.
M.Yaqub deyib ki, gənclərin ailə qurma yaşının yüksəlməsinin demoqrafik nəticələri də ciddi narahatlıq doğurur:
“Doğum tempi son illərdə əhəmiyyətli dərəcədə azalıb. Bu tendensiya davam edərsə, yaxın 20-30 il ərzində Azərbaycan da Avropa ölkələrinin üzləşdiyi demoqrafik problemlərlə qarşılaşa bilər. Belə vəziyyətdə yaşlı əhalinin payı artacaq, əmək bazarında gənclərin sayı azalacaq və bu, pensiya sistemi ilə yanaşı, ölkənin iqtisadi inkişafına da mənfi təsir göstərəcək”.
Zaira Akifqızı
Globalinfo.az